Dambrauskas: “Derbini neytral azarkeş kimi izləyəcəyəm”

Misli Premyer Liqasının VIII turunun “Qəbələ” – “Sabah” oyunundan (0:4) sonra qonaq komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları dedi:

– Sıx qrafikdə bu oyuna necə hazırlaşdınız ki, qarşıdakı Çempionlar Liqası matçına da hazır ola biləsiniz?
–  Bizim üçün vacib bugünkü görüş idi. Bakıya qayıdandan sonra “Borussiya” ilə oyuna hazırlaşacağıq. Rəqiblərə addım-addım baxırıq.

– “Qarabağ” – “Neftçi” oyunundan nə gözləyirsiniz?
– Desəm ki, maraqlı deyil, yalançı olaram. Bəzi şeylər nəzarətimdə olmur. Bütün diqqətim öz komandamdadır. Rəqiblərin də matçına baxacağam. Görüşü neytral azarkeş kimi izləyəcəyəm.

– Xəyal Əliyev uzun müddət sonra qayıtdı. Ona Çempionlar Liqasında da şans verəcəksiniz?
–
Xəyalın adına çox xoşbəxtəm. O, bizim üçün önəmli futbolçudur. Az oynasa da, fantastik şəkildə pressinq etdi. Uzunmüddətli zədədən qayıdıb. Çempionlar Liqasında oynaması özündən asılı olacaq. Xəyal Azərbaycanın ən istedadlı futbolçularından biridir. Parlaq gələcəyi var və işinə peşəkar yanaşır. Amma nəzərə alaq ki, vaxt lazımdır və getdikcə daha da yaxşı olacaq.

– Alekseyin 4-cü qolu “ayın qolu” mükafatını qazana bilər?
– Mükafat zamanı hansı meyarların önəmli olduğunu bilmirəm, mənim işim deyil. Möhtəşəm kombinasiyadan fərqləndik. Doğrudur, 10 dəqiqə əvvəl də Aleksey və Mikels eyni cür epizod yaratmışdılar, amma alınmamışdı. Bu gün futbolçularımı tərifləmək istəyirəm. Hər birinə təşəkkür edirəm. Xoşdur ki, 2-ci qoldan sonra da təzyiqimiz davam etdi və dayanmadıq. Vaxtımız olsaydı, yenə qol vurmaq istərdik. Oyuna yaxşı başlamamışdıq, ilk dəqiqələrdə toparlana bilmirdik. Lakin sonradan toparlana bildik.

– Qəbələyə gələn komandaların baş məşqçiləri hava şəraitinin futbolçulara pis təsir etdiyini deyir. Siz nə düşünürsünüz?
– Digər klubların səyahət planını bilmirəm. Biz matçdan bir gün öncə buraya gəlirik. Yaxşı şərait, məşq bazası var. İstənilən havada oynamağı bacarmalıyıq. Bu gün məğlub olsaydıq, yenə havadan danımayacaqdım. Bunu öz performansımızla əlaqələndirəcəkdim.

Şahin Cəfərov

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir