“Sabah”ın rəqibində böhran

Almaniyanın “Borussiya” (Dortmund) klubu UEFA Çempionlar Liqasında “Sabah”la keçiriləcək oyun öncəsi çətin dövrünü yaşayır.

Futbolpress.az “dpa” agentliyinə istinadən xəbər verir ki, Almaniya Bundesliqasında “Yunion” (Berlin) ilə qolsuz heç-heçə edən (0:0) Dortmund təmsilçisi ardıcıl üçüncü rəsmi matçında da qələbə qazana bilməyib.

İdman direktoru Ole Book nəticələri komandanın inkişafı üçün bir fürsət kimi qiymətləndirərək əlavə edib:

“Hazırda komanda olaraq öyrənmək və daha yaxşı olmaq üçün böyük imkanımız var və bu şansı mütləq dəyərləndirmək istəyirik”.

Almaniya təmsilçisi 20 oktyabrda Bakıda Çempionlar Liqasının debütantı “Sabah”ın qonağı olacaq. Hücum xəttindəki kəsərsizlikdən narahatlığını gizlətməyən idman üzrə icraçı direktor Lars Rikken vəziyyəti dəyərləndirərək qeyd edib:

“Budo-Qlimt”lə matçda qol vurmadıq, bu gün də fərqlənə bilmədik. Bu, bizim üçün qeyri-adi haldır. Hücumda uğurlu çıxış etmək üçün meydanın hər qarışında cəsarətli olmaq lazımdır. Əsas problemimiz də budur. Hesabda geridə olanda və ya vaxtın azaldığını hiss edəndə daha yaxşı oynamağa başlayırıq”.

Dortmund təmsilçisi Bakı səfəri öncəsi ciddi kadr itkisi ilə də üzləşib. “Yunion”la matçda sonradan meydana daxil olan 18 yaşlı yarımmüdafiəçi Konstantinos Karetsas ayaq biləyindən zədələnərək meydanı həkimlərin köməyi ilə tərk edib. Yunanıstanlı futbolçunun “Sabah”la görüşü buraxacağı gözlənilir. Karetsas bundan əvvəl “Vilyarreal”la matçda da təzyiq problemi səbəbindən xərəklə meydandan çıxarılmışdı.

Sıx oyun qrafiki və uzun səfər marşrutu da “Borussiya” üçün əlavə çətinlik yaradır. Bu barədə danışan Lars Rikken komandanın səfər planını belə izah edib:

“İndi evə uçuruq, bir neçə saat dincəldikdən sonra aralıq eniş etməklə Azərbaycan istiqamətinə yola düşəcəyik. Çünki təyyarəmizin yanacaq çəninin tutumu birbaşa uçuş üçün kifayət etmir”.

Lakin müdafiəçi Valdemar Anton bunu bəhanə etmədiklərini vurğulayıb:

“Meydana çıxanda heç kim sənin neçə saat yatmağınla və ya yorğunluğunla maraqlanmır. Çətin səfərlərimizin olacağını əvvəlcədən bilirdik”.

Göstərilən zəif oyundan sonra təzyiq altında olan Dortmund təmsilçisində idman direktoru Ole Book Bakıdakı görüşün əhəmiyyətini xüsusi qeyd edərək bildirib:

“Komanda Azərbaycanda sübut etməlidir ki, Norveçdə “Budo-Qlimt”ə qarşı keçirilən Çempionlar Liqası oyunu sadəcə təsadüfi bir uğursuzluq idi”.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir