Misli Premyer Liqasının XI turunda doğma azarkeşləri önündə “Şamaxı” ilə sülhə razılaşan (2:2) “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas qarşılaşmanın ardından təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, litvalı mütəxəssis ilk növbədə Zəfər Günü münasibətilə təbriklərini çatdırdı, ardınca oyun haqqında fikirlərini bölüşdü:
– Əvvəlcə Azərbaycan xalqını Zəfər Günü münasibətilə uca könüldən təbrik edirəm. Meydana hər zaman 3 xal üçün çıxırıq. Bu gün matç çox dalğalı keçdi. İlk 20 dəqiqə ərzində oyuna tam nəzarət etsək də, sonradan təşəbbüsü əldən verdik və rəqibə əks-hücumlar üçün geniş imkanlar yaratdıq. Neytral azarkeşlər üçün 4 qollu qarşılaşma həyəcanlı və maraqlı görünə bilər. Hətta üçüncü qolu vurub qalib gəlmək şansımız da var idi, eyni zamanda rəqib də fərqlənə bilərdi. Lakin iddialı komanda olaraq turnir cədvəlinin ilk beşliyində yer alırıqsa, bu nəticə bizim üçün heç cür qəbuledilən sayıla bilməz.
– İkinci qoldan sonra hakimə kəskin etiraz etməyinizin səbəbi nə idi? Referilərin idarəçiliyindən narazısınız?
– Üç gün öncə UEFA Çempionlar Liqasında mübarizə aparmışıq və orada hamının riayət etdiyi dəqiq qaydalar var. İstəyimiz budur ki, daxili çempionatda da həmin standarta riayət edilsin. Fövqəladə heç nə baş vermədi. Müzakirə olunanları meydanda həll etdik. Ümumiyyətlə, hakimlərin idarəçiliyindən narazılıq etmək niyyətim yoxdur.
– Milli komandaların oyunları ilə bağlı yaranan fasilə sıx qrafikdə mübarizə aparan komandanıza necə təsir edəcək?
– Futbolçulara verəcəyimiz 3-4 günlük istirahət komandaya müsbət təsir göstərəcək. Biz Çempionlar Liqasında oynamağı özümüz istəyirdik və qrafikin asan olmayacağını, xüsusilə noyabr-dekabr aylarında daha da ağırlaşacağını bilirdik. Belə vəziyyətlərdən itkisiz çıxmaq üçün komanda olaraq daha da möhkəmlənməliyik.
– Meydandakı küləkli hava şəraiti komandanın oyun planına mane oldu?
– Havanın necə olmasının heç bir əhəmiyyəti yoxdur. Külək ilk yarıda bir tərəfə, ikinci hissədə isə digər tərəfə əsirdi. Peşəkar futbolçu hər bir hava və meydança şəraitinə uyğunlaşmağı bacarmalıdır. Süni örtükdən təbii qazona keçmək də peşəkarlığın bir hissəsidir. Hava amili nəticəyə bəhanə ola bilməz.
– “Qarabağ”ın illərdir yaşadığı avroliqa matçlarından sonra daxili liqaya adaptasiya ola bilməmək və xal itirmək problemini siz də hiss edirsiniz?
– “Qarabağ” artıq 12 ildir ki, avrokuboklarda mütəmadi çıxış edir və zəngin təcrübəyə malikdir. Onlar bu sıx qrafiklə necə rəftar etməyi yaxşı bilirlər. Biz isə bu səviyyədə hələ yeniyik. Hazırda heyətdə geniş rotasiyalar edirik. Çoxlu dəyişiklik olanda futbolçular arasında meydandakı anlaşma yüksək səviyyədə olmur, bu da oyunun ritminə təsir edir. “Vikinq”lə ağır səfər matçından sonra dərhal eyni tempə qayıtmaq asan deyil. Bunun aptekdə satılan hazır bir dərmanı da yoxdur. Fasilədən maksimum istifadə edib futbolçular arasındakı uyğunlaşmanı və oyun əlaqələrini daha da inkişaf etdirməyə çalışacağıq.
Ayxan Zayıdzadə
