Misli Premyer Liqasının XI turunda səfərdə “Sabah”la 2:2 hesablı heç-heçə edən “Şamaxı”nın baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, təcrübəli mütəxəssis Zəfər Günü münasibətilə təbriklərini çatdırdı, ardınca görüş haqqında fikirlərini bölüşdü:
– Hamınızı salamlayıram. Zəfər Bayramımız mübarək olsun. Bu Zəfər Günündə payı olan hər kəsə, başda Ali Baş Komandan olmaqla, rəşadətli ordumuza təşəkkür edirəm. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayıram. Zəfərimiz əbədi olsun, Azərbaycana hər zaman qələbələr yaraşır. Matça gəlincə, “Sabah” kimi çempionatımızın ən güclü və elit kollektivlərindən birinə qarşı oynayırdıq. Oyundan əvvəl uşaqlara əsas tapşırığım meydanda şərəflə döyüşmək idi. Sağ olsunlar, istədiyimi reallaşdırdılar. Düşünürəm ki, səfərdə qazanılan 1 xal yaxşı nəticədir, hətta qələbə qazanmaq şanslarımız da var idi. “Sabah”a həm ölkə çempionatında, həm də avrokuboklarda uğurlar arzulayıram.
– Azər müəllim, qeyd etdiniz ki, bir xal qazandınız. Lakin oyunun son 15-20 dəqiqəsində yaratdığınız real epizodları nəzərə alsaq, əslində iki xal itirdiyinizi demək olar?
– Xeyr, reallığı qəbul etmək lazımdır ki, “Sabah”la səfərdə heç-heçə etmək və 1 xal qazanmaq yaxşı nəticədir. Matçdan sonra paltardəyişmə otağında da uşaqlara vurğuladım ki, mənim üçün ən vacib olan meydandakı döyüşkənlik idi və onlar bunu mənə verdilər. Qalan məqamlar, itirilən xallar haqqında düşünmək istəmirəm. Hətta bu matçda məğlub olsaydıq belə, yenə də futbolçularımın sərgilədiyi oyundan razı qalardım.
– Birinci dövrəni ümumilikdə necə qiymətləndirərdiniz?
– Yalnız bir oyunun müəyyən hissəsini çıxmaq şərtilə, digər 10 qarşılaşmada komandamızın meydanda çox yaxşı təsir bağışladığını düşünürəm. Ən sevindirici məqam odur ki, biz öz sahəmizə çəkilib müdafiə olunmuruq, əksinə, rəqib meydançasında dominant oyun sərgiləməyə, pressinq etməyə çalışırıq. Müasir futbolun tələbləri nədirsə, uşaqlara onu aşılayırıq. Həmçinin qürurverici haldır ki, çempionatın ən gənc komandasıyıq və əsasən yerli futbolçulara güvənərək meydanda mübarizə aparırıq.
– Həmin uğursuz və ya istədikləri kimi alınmayan oyunlar olaraq hansı matçları nəzərdə tuturdunuz?
– Xüsusilə “İmişli” ilə matç və “Şəfa” ilə görüşün ilk hissəsini qeyd edərdim. Həmin qarşılaşmalarda istədiyimiz oyunu tam göstərə bilməmişdik, lakin ümumi mənzərə bizi qane edir.
– Oyunun sonlarına doğru rəqibə qarşı ciddi təzyiq qurmuşdunuz. Bu, futbolçularınızın fiziki gücünə olan inamınızdan irəli gəlirdi, yoxsa “Sabah”ın yorulduğunu hiss edirdiniz?
– Futbol elə oyundur ki, rəqibdən əsla qorxmamalısan və motivasiya həmişə üstün olmalıdır. Üstəlik, “Sabah”ın hücum xəttindəki oyunçuların fərdi keyfiyyətlərini yaxşı bilirdik. Məhz buna görə də matçın son dəqiqələrində topu daha tez irəliyə çatdırmağı və təzyiqi davam etdirməyi tapşırırdım.
– Mövsüm ərzində 11 tur arxada qaldı və komanda çox keyfiyyətli futbol sərgiləyir. Sizi narahat edən hər hansı məqam varmı?
– Çalışıram ki, heyətdəki futbolçulara bərabər şans verim və onların oyun praktikası qazanmasını təmin edim. Xüsusilə hücum və yarımmüdafiə xəttində rotasiyalar etməyə çalışıram. Statistikaya baxsaq, hücum xəttini müdafiəyə nisbətən daha çox dəyişmişəm. Bu o demək deyil ki, müdafiəmizdən tam razıyam. Sadəcə, mövcud resurslarımız bunlardır. Misal üçün, yerli gənc oyunçumuz Emin Rüstəmovu xüsusi qeyd etmək istərdim. O, keçirilən 11 matçın hamısında 90 dəqiqə meydanda olub, bir dəfə belə əvəzlənməyib. Belə gənclərin gələcəkdə daha da yaxşı olacağına inanıram.
– Qış transfer pəncərəsində heyəti gücləndirmək üçün klub rəhbərliyi qarşısında məsələ qaldırmısınızmı?
– İnşallah, bu barədə düşünürük. Klub rəhbərliyi ilə müzakirələrimiz olacaq. Çalışacağıq ki, qışda heyətimizə ən azı bir yeni oyunçu cəlb etməklə güclənək.
Ayxan Zayıdzadə
