“Çətinliklər var, amma təslim olmamalıyıq” – Abbasov

Azərbaycan yığmasının baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasında sabah Litvaya qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak etdi.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– İki komanda da bir-birini yaxşı tanıyır. Əzmkar rəqibə qarşı oynayacağıq. Qısa müddətdə artıq dördüncü oyunumuz olacaq. Təəssüf ki, Lixtenşteynlə matçda qələbə qazana bilmədik. Sabah daha yaxşı oynamağa məcburuq. Futbolçularıma inanıram. Son matçı unudub, Litvaya qarşı əzmkar oynamalıyıq.

– Tənqidlər çoxdur. Futbolçularla nə danışırsınız?
– Millidə oynamaq, işləmək böyük təzyiq deməkdir. Bunları nəzərə almalı və öhdəsindən gəlməlisən. Lixtenşteynlə matçdan sonra futbolçularla fərdi danışıqlarım oldu. Onlar klubdakı rahatlığı burada hiss etmirlər və təzyiqi görürlər. Bəzi futbolçular üçün milli karyera yeni başlayır, onlara inanmaq lazımdır, vaxta ehtiyacları var. Qrup lideri olmaq istəyirik. Doğrudur, çətin situasiyaya düşmüşük, amma xallarımızı artırmaq niyyətindəyik. Komandanın formalaşması üçün vaxt lazımdır. Müəyyən yollardan keçməli, futbolçuları daha yaxşı tanımalısan.

– Malta və San Marino ilə oyunlar bu görüşlər üçün hansısa siqnalı verirdi?
– Oyunlar ərəfəsində jurnalistlər suallar verirdi ki, Litva və Lixtenşteynlə matçlar çətin olacaq? Deyirdim, bəli. Maltaya qarşı yaxşı oynamışdıq, epizodlarımız var idi. San Marinonu məğlub etməyimizə baxmayaraq isə oyundan məmnun deyildik. Tacikistana qalib gəldik, yenə razılıq olmadı. Biz də yaxşı oyun və yaxşı nəticə istəyirik. Azarkeşlərin gözləntiləri böyükdür, onlar da haqlıdır. Lakin baxın, hücumda Musa Qurbanlı və Mahir Emrelidir. Bütün diqqətimiz Mahirdə olur, çünki klubunda sabit oynayan odur. Futbolçular komandalarında kifayət qədər oynamalı, hazır olmalıdırlar. Hücumçuların qol duyumları azdır. Bu da praktikanın azlığından irəli gəlir. Çətinliklər var, amma təslim olmamalıyıq.

– Nəzərə alaq ki, qarşıda tsikllar var və futbolçuların oynamaması problemi davam etməkdədir. Limitin də buna təsirləri var. Bu gedişlə  gələcəkdə necə olacaq? 
– Məsələni limitlə bəhanə etməyək. Rüfət Abbasov “Neftçi”də mövqeyində legionerlə rəqabətdədir və onu üstələdiyi üçün daim oynayır. Futbolçular onlara verilən şansları düzgün dəyərləndirməlidir. Renat Dadaşov yeni klub tapıb, ümid edirik ki, orda mütəmadi oynayar. Onun da yaxşı çıxışı milliyə də təsirini göstərəcək. Çıxış yolumuz futbolçularımızın milliyə hazır vəziyyətdə gəlməsidir.

– Lixtenşteyni məğlub edə bilməməyimiz Litvaya motivasiya verəcək?
– Nəticə Litvaya liderlik baxımından üstünlük verdi. Millətlər Liqasında sürpriz nəticələr çox olur. Litva da ilk oyundan sonra bizi yaxşı tanıdı. İnanmıram ki, rahatlaşıblar.

Şahin Cəfərov

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir