Misli Premyer Liqasının VI turunda səfərdə “Turan Tovuz”a 0:1 hesabı ilə uduzan “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis ilk növbədə qarşılaşma haqqında fikirlərini bölüşdü:
– Sona qədər mübarizə aparan futbolçularıma təşəkkür edirəm. Tovuzda oynamaq hər zaman çətindir, bu gün isə xüsusilə ağır idi. Meydanda əllərindən gələni etdilər. Şəxsən mən bu gün komandamı məğlub hesab etmirəm.
– Oyunun sonunda nə baş verdi? Hadisələrin düz mərkəzində idiniz…
– Ciddi bir şey olmadı. Sadəcə, baş hakimə etdiyi idarəçiliklə bağlı bir kəlmə fikir bildirmək üçün yaxınlaşdım. Son epizodda Amil Seyidova verilən cərimə zərbəsi yanlış qərar idi. Hakim oyun boyu 10-15 epizodda futbolçularımıza qarşı kobudluqları keçirdi. Üstəlik, aut atışı zamanı artıq vaxt bitmişdi, oyunu yekunlaşdırmaq lazım idi. Əminəm ki, o autu biz atsaydıq, matç orada bitəcəkdi. Yaxınlaşan kimi də sanki səhv mövqe tutub qırmızı vərəqə ilə hədələyirlər. Son zamanlar legioner və təcrübəli məşqçilər tərəfindən hakimlər üzərində böyük təzyiq yaratmaq dəb halını alıb. Təəssüf ki, yerli referilərimiz də bu təzyiqin altına düşürlər.
– Mətbuatda yayımlanan bəyanatları nəzərdə tutursunuz? Bu gün “Zirə” uduzdu, yoxsa uduzduruldu?
– Biz bu gün uduzmadıq. Lakin ilk dəqiqələrdən hiss edirdim ki, buradan xalla ayrılmaq çox çətin olacaq. Əgər məsələ bəyanat yaymaqdırsa, biz də bəyanat verə bilərik, “50 ildir belə epizod görməmişəm” deyib təzyiq göstərə bilərik. Futbolda səhvlər olur, amma bunu süni şəkildə qabardıb referilərə təsir edirlər. Hakimlərimizin həmin təzyiqə təslim olmamasını diləyirəm, amma son turlarda təsiri açıq-aşkar görünür. Bəzən “Turan Tovuz” kimi komandanın xeyrinə verilən 5 xırda cərimə zərbəsi bir penaltiyə bərabər effektdir.
– Komandanızı bu dəfə hücumda o qədər də fəal görmədik. Buna səbəb nə idi?
– “Turan Tovuz”a qarşı hücum futbolu oynamaq çox çətindir. Çünki onlar daha çox uzun ötürmələrdən istifadə edir və ikinci toplarda fəal olurlar. Rəqib oyunu öz istədiyi məcrada diktə edirdi. Fiziki cəhətdən cüssəli komandadırlar. 60-cı dəqiqədən sonra ərazi üstünlüyünü ələ keçirsək də, onların oyun fəlsəfəsi bizə istədiyimiz kombinasiyalı futbolu oynamağa imkan vermədi. Topu ələ keçirdikdən sonra sürətli hücuma çıxmaq çətinləşirdi.
– “Zirə” niyə hakimlərlə bağlı rəsmi bəyanat vermir?
– Bu, rəhbərliyin mövqeyidir. Klubun 12 illik tarixində idarəçilərin hakimliklə bağlı bəyanat verdiyinə şahid olmazsınız. Bura gəldiyim 6 ili təhlil etsəm, çempionatda ən çox hakim səhvinə məruz qalan məhz “Zirə” olub. Avrokuboklardan kənarda qaldığımız anlar olub, amma yenə də sakitliyimizi qorumuşuq. Bizim futbol yavaş-yavaş Türkiyədəki oyundankənar təzyiq mühitinə bənzəməyə başlayır.
– Tribunalardan və meydandan sizə qarşı olan aqressiyanı nə ilə əlaqələndirirsiniz?
– Bu, ümumi Tovuz azarkeşlərinə aid deyil. Gün ərzində neçə-neçə azarkeşlə şəkil çəkdirmişik, ünsiyyətdə olmuşuq. 30-40 nəfərlik xüsusi bir qrupdur və proses “Azərsun Arena”da “Turan Tovuz”a 0:2 uduzduğumuz matçdan sonra başladı. Əminəm ki, bu aqressiya süni şəkildə idarə olunur və müəyyən rəhbər şəxslərindən qaynaqlanır. Mən 25 ildir futboldayam, Tovuza ilk dəfə gəlmirəm, buranın çörəyini yemişəm. Bizim klub idarəçiliyinin digər məşqçilərə hörməti bəllidir.
– Həmin oyunda “Turan Tovuz”un əleyhinə penalti təyin olunanda sevinməyinizlə bağlı xəbərlər yayılmışdı…
– Tamamilə yanlış məlumatdır. Hətta oyundan öncə də görüşüb danışdıq. VAR-a baxılanda yaxınlaşıb dedim ki, penaltidən öncə fol var və hakim cərimə verəcək. Mənim “SkyBox”da necə reaksiyalar verdiyimi azarkeşlər oradan görə bilməzdilər. Kimsə bilərəkdən yalan məlumat ötürüb ki, güya Rəşad onların uğursuzluğuna sevinirdi. Bəli, “Turan Tovuz” rəqibimdir, xal itirməsini istəyərəm, amma başqasının uğursuzluğuna və ya haqsız penaltiyə sevinmək mənim tərbiyəmdə və etikamda yoxdur.
Ayxan Zayıdzadə
