Kapitan: “Əminəm ki, finalda stadion tam dolacaq”

Azərbaycan Kubokunun finalı ilk dəfə Gəncədə keçiriləcək. 2027-ci il mayın 12-nə planlaşdırılan matç Gəncə şəhər stadionunda oynanılacaq.

Ev oyunlarını bu arenada keçirən “Kəpəz”in kapitanı Əli Səmədovla mövzu barədə danışdıq:

– İlk dəfə Gəncə Azərbaycan Kubokunun finalına ev sahibliyi edəcək. Bu barədə fikirlərinizi bilmək istərdim. 
– Finalın Gəncədə olması yaxşı xəbərdir. Əminəm ki, stadion tam dolacaq və möhtəşəm atmosfer yaranacaq.

– Sizcə, komandanın finala yüksəlmək  potensialı var?
– Niyə də yox? Əlimizdən gələni edəcəyik. Açığı, əsas məsələ püşkdür, rəqiblərin kim olacağını bilmirik. Çalışacağıq ki, maksimum irəli gedək.

– Əvvəlki illərlə müqayisədə bu mövsümə yaxşı start vermisiniz. Komandanın nəticələrini necə şərh edərdiniz?
– Komandanın çıxışı qənaətbəxşdir. Turnir cədvəlində 6-cı sıradayıq. Hələ bir oyunumuz da ehtiyatdadır. Gələcəkdə necə olacağını deyə bilmərəm. Amma indiki durumumuz yaxşıdır. 4 oyunda 2 qələbə qazanmışıq və növbəti görüşdə də müsbət nəticə hədəfləyirik.

Şahin Cəfərov

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir