Nəriman Axundzadənin “Ərzurumspor”a üz tutması ictimaiyyətdə yenə bir-iki ağız tənqid doğurdu. Bəziləri üçün bu, geriyə atılmış addım və ya uğursuzluq kimi görünə bilər, amma hissə qapılmadan demək olar ki, həmvətənimiz zamanında və doğru qərar verib.
Ərzurum təmsilçisinin uğurları üçün tər tökəcək hücumçumuz Türkiyə Super Liqasında mübarizə aparacaq. “Dadaşlar”ın “Kolambus Kryu” ilə bağladığı icarə müqaviləsində satınalma opsiyası da var.
Bir qolun yükü
Bir çoxları üçün Nəriman sadəcə “Braqa” ilə oyundakı trillerin qəhrəmanı, “biroyunluq ulduz”dur. Həmin tarixi qoldan sonra onda bir növ “çöküş” yarandı, əsas da avrokuboklarda kölgədə qaldı. Elə bunlara görə də gənc futbolçumuz təmtələsik ölkədən çıxdı.
Belə vəziyyətdə oyunçunu hədəf taxtasına oturtmaq ədalətsizlik olar. Axı Nəriman nə Juninyodur, nə də ki Duran. O, Cənubi Amerika futbolunun elastikliyi ilə yox, digərləri ilə müqayisədə rəqabətin, fiziki hazırlığın və texniki tələblərin aşağı səviyyədə olduğu Azərbaycan futbolunun xəmiri ilə yoğrulub.
Azərbaycanlıların Türkiyə sınağı
Nərimanın əsas yanlışı vaxtında addım-addım irəliləmək əvəzinə, birdən-birə MLS-ə atılmaq oldu. Unutmayaq ki, karyerasının qürubunu yaşayan Lionel Messi, Tomas Müller və ya Serxio Buskets kimi ulduzların çıxış etdiyi ABŞ çempionatı statistik göstəricilərə görə dünyada ilk 15-likdə yer alır. APL isə 40-cı pillədən aşağılarda var-gəl edir. Türkiyə Super Liqası da MLS ilə eyni səviyyədədir, amma bircə fərqlə: burada azarkeş təzyiqi diridir və adaptasiya mühiti bir azərbaycanlı üçün qat-qat doğmadır.
Bizim futbolçuların Türkiyə çempionatındakı izi yetərincə zəngindir, amma mənzərə birmənalı deyil. Zamanında Rəşad Sadıqov müxtəlif komandalarda 30-dan çox görüşə çıxmaqla nisbətən sabitlik nümayiş etdirsə də, Mahir Şükürov “Antalyaspor” və “Karşıyaka”dakı sınaqlarından sonra tezliklə ölkəyə qayıtdı. 2020-ci illərin dalğası da fərqli ssenari yazmadı. “Konyaspor”da 12 matçda 2 qolla kifayətlənən Mahir Emreli və “Bursaspor”da 12 qolda (6 qol, 6 assist) pay sahibi olmasına rəğmən qardaş ölkədə ləngiməyən Namiq Ələsgərov kimi misallar sübut edir ki, bu liqada böyük sıçrayış etmək fərqli xarakter tələb edir.
Türkiyə çempionatı bizimkiləri həm doğma mühitlə qarşılayan, həm də ən kiçik səhvi bağışlamayan sərt bir səhnədir. Nəriman belə şəraitə yad deyil, amma burada ayaqda qalmaq üçün təkcə istedad yetmir, böyük xarakter lazımdır.
Böyük sıçrayışın fəsadları
Sabiq “Qarabağ”lının MLS təmsilçisi “Kolambus Kryu”ya transferi Azərbaycan futbolçularının ABŞ çempionatında ilk təcrübəsi idi. Bu, yüksək temp, fiziki güc və uzun səfər qrafiki ilə seçilən bir liqadır. Nəriman okeanın o tayına böyük ümidlərlə yollansa da, burada əsas heyətə düşmək uğrunda kəskin rəqabətlə üzləşdi. MLS-in fiziki tələbləri, taktiki fərqliliklər və komandanın formalaşmış hücum xətti gənc oyunçumuzun daimi forma şansı tapmasına imkan vermədi. ABŞ-də keçirdiyi dövr ərzində bütün turnirlərdə cəmi 10 matçda meydanda olan və vur-tut 1 assistlə yadda qalan hücumçu üçün bu rəqəmlər ilk “11-liy”ə düşməkdə necə çətinlik çəkdiyini aydın göstərir.
Ohayo təmsilçisinin heyətində kifayət qədər oyun praktikası ala bilməməsi Nərimanın inkişafını ləngidirdi. Mütəmadi olaraq ehtiyat skamyada qalmaq gənc forvard üçün ən böyük risk idi. Bu səbəbdən futbolçu icarə variantını ən doğru çıxış yolu kimi gördü. “Ərzurumspor”la bağlanan müqavilə də Nərimana həm müntəzəm oynamaq, həm də özünü yenidən sübut etmək şansı yaradır. Bu gediş “geri çəkilmə” yox, karyerasını xilas etmək üçün atılmış praktiki addımdır.
Hücumçumuzun daxili çempionatdan birbaşa böyük liqalara düşüb anidən parlaması möcüzəyə inanmaq kimi bir şeydir, çünki avrokuboklardakı 5–10 dişli matç hər şey demək deyil. Oyunçularımız həmin Avropa gecələrində öz limitlərini ortaya qoyur, taqətdən düşür, sonra isə yenidən ölkə çempionatının həvəssiz, aşağı templi ritminə qayıdırlar. Bu iki aləm arasındakı fərq göz deşir. APL ilə MLS arasındakı əsas uçurum da bu idi, Nəriman isə belə mühitə hazır deyildi.
Böyük imkan, yoxsa son şans?
İndi top da, tale də Nərimanın öz ayağındadır. Yüksək liqaya təzə qayıdan “Ərzurumspor” bəlkə də cari mövsümün autsayderidir, amma bu, Nərimana bəhanə olmamalıdır. Anadolu klubu onun üçün möhtəşəm bir tramplindir.
Məsələ də elə bundadır. Nəriman həmin tramplindən Avropaya adlayacaq, yoxsa pərişan halda doğma sahillərə qayıdacaq? Bunu zaman və bir də Nərimanın öz xarakteri göstərəcək…
Ayxan Zayıdzadə
