“Sabah” bu gün UEFA Çempionlar Liqasının III turunda “Borussiya” ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək görüşə saat 20:45-də start veriləcək.
Vaxtilə “Qarabağ”ın heyətində Dortmund “Borussiya”sına qarşı oynamış Maksim Medvedev bugünkü matçla bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:
– “Sabah” – “Borussiya” oyunundan gözləntiləriniz nədir?
– Fantastik hadisədir. Ümid edirik ki, Azərbaycanı layiqincə təmsil edərlər. “Sabah” çox gözəl futbol nümayiş etdirir, azarkeşləri sevindirirlər. Hamımız onlara azarkeşlik edəcəyik. Müsbət nəticə qazanmaq olar.
– Daha əvvəl “Qarabağ” formasıyla bu rəqiblə üz-üzə gəlmisiniz. “Borussiya”nı fərqləndirən nələr var?
– “Borussiya”nın hansı səviyyədə olduğunu başa düşürük. Özümüz də onlarla qarşılaşmışıq, çətinlikləri bilirik. “Borussiya”ya qarşı oynamaq asan deyil. Bəzi nüanslar var ki, “Sabah”a başağrısı ola bilər. Ümumiyyətlə, alman futbolu başqadır. Onların hansı səviyyədə oynadığı məlumdur.
– Futbolçulara tövsiyəniz nədir?
– İlk növbədə soyuqqanlı olmaq vacibdir. Rahat oynamaq və tapşırıqları maksimum yerinə yetirmək lazımdır.
– Sizcə, “Borussiya”nı necə dayandırmaq olar?
– Dortmundluları dayandırmağın yollarını baş məşqçi Dambrauskas daha yaxşı bilər. İnanıram ki, xüsusi taktika seçəcək və oyunçuları tam hazır edə biləcək. Bu gün “Sabah”dan yaxşı nəticə gözləyirik.
Şahin Cəfərov
