Qurbanov: “Yavaş-yavaş səbrim tükənir”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Konfrans Liqasında sabah “Dinamo”ya qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransı təşkil olundu.

Futbolpress.az xəbər verir ki, mütəxəssis tədbirdə media nümayəndələrinin suallarını cavablandırdı:

– “Sabah”ı qələbə münasibətilə təbrik edirəm, Çempionlar Liqasında pley-offa vəsiqə qazandılar. Böyük nailiyyətdir, buna ancaq sevinməliyik. Oyuna gəlincə, pis hazırlaşmamışıq. Vaxtımızdan səmərəli istifadə etdik. 0:1 hesabıyla geridə olsaq da, sona kimi mübarizə aparacağıq, özümüzə inanırıq. Qarşımızda yaxşı müdafiə olunan rəqib var. Futbolçuların yaxşı nəticə üçün əllərindən gələni edəcəklərinə inanıram.

– İlk matça pis başlamamışdınız, lakin sonradan səhvlər başladı. Bunun səbəbi nə idi?
– Səbəblər var. Bəli, ola bilər hücumdakı rotasiyalar problem yaratdı. Cəbrayıl əvvəlki matçlarda özünü pis göstərməmişdi, sadəcə bir az daha aktivlik lazım idi. Səhvlərin iki səbəbi var. Birincisi rəqibin səni buna məcbur etməsi, digəri isə oyun tempinin aşağı olmasıdır. Sürət olmayanda nisbətən rahat oynayırsan, rəqib də sənə daha çox yaxınlaşmağa başlayır. Yaxşı nəticə istəyiriksə, səhvlər azalmalıdır. Həm də futbolçular meydanda hələ bir-birini tamamlaya bilmir.

– Zubirin mərkəzdə oynadığı vaxt daha az effekt verdiyini düşünmürsünüz? 
– Bəzən futbolçular da fikirləşməlidirlər ki, niyə öz mövqeyimdə oynaya bilmədim. Suala ən yaxşı cavab budur. Zubirin sol vinger kimi daha yaxşı olduğunu bilirik. Ancaq bəzən istənilən komandada mövqelərə görə rotasiyalar ola bilər.

– Komanda üç oyundur, qol vura bilmir. Bu, təzyiq yaratmır?
– Yaradır, ancaq illərdir futbolun içindəyəm, bunları normal qəbul edirəm. Futbolçular nə qədər keyfiyyətli oynayarsa, o qədər də inamlı olarlar. İstənilən komandada problemlər yaşanır. Qol problemini aradan qaldırmağa çalışırıq. Sanki bu mövsüm planımızdan kənarda qaldıq. Bəzi futbolçular zədələndi, bəziləri tam hazırlaşa bilmədi. İnanıram ki, qısa zamanda problemlər həll olunacaq.

– Kaşukun mərkəz oynaması faydalıdır?
– Kaşukun ən üstün cəhəti “vuran ayağı”nın olmasıdır. İnanın, məşqlərdə də ən sərrast futbolçulardandır. Sadəcə ola bilər ki, mövqeyi ona uyğun deyil. İndiki duruma görə belə addım atdıq. Məşqlərdə yenə rotasiyalar etmişik, sabah üçün də düşünəcəyik. Musa Qurbanlı zədədən sonra hələ 90 dəqiqə oynamayıb. Eyni zamanda Renaldo Sefas da həmin mövqedə oynaya bilər. Hər bir halda, sabah dəyişikliklər edəcəyik. Kaşuk ilk matçda qol epizodlarına girdi, ancaq istifadə edə bilmədi. Sabah yaxşı pressinq etmək vacibdir. Buna dözəcək futbolçulara ehtiyacımız var.

– Zubirin gedəcəyi ilə bağlı xəbərlər nə dərəcə doğrudur?
– Məncə, danışmağa ehtiyac yoxdur. Sabahkı oyuna baxaq.

– Komandanın standart vəziyyətlərdən qol vura bilməməsini problem hesab edirsiniz?
– Problem varsa, hamısını qəbul edirəm. Qol vurmuruqsa, fərqlənə bilmiriksə, o demək deyil ki, çalışmırıq. Təhlillər aparırıq, məşqlərdə bu istiqamətlərdə hazırlıqlarımız olur. Bəzən meydanda istədiyimiz kimi alınmaya bilər. Bəlkə də, elə dönəm olacaq ki, ardıcıl qollar vuracağıq. Daha əvvəllər də belə hallar olub. Problemimiz var, qəbul edirəm. Ən yaxşı vaxtlarımızda da belə çatışmazlıqlar yaşamışıq.

– Cəbrayıl Makreçkis ilk oyunda qırmızı vərəqə aldı, amma sakit reaksiya verdiniz. Sanki illər keçdikcə daha səbirli olmusunuz…
– İllər məni səbirdən çıxarıb (Gülür). Yavaş-yavaş səbrim tükənir. Oyun epizodlarında bəzən gözlənilməz qırmızı vərəqələr göstərilir. Bu cür epizodlar penaltilərə də səbəb olub. Top səndə olanda rəqibi görmürsən və rəqib gəlib səni keçirsə, artıq kobud oynamış olursan. Bir dəfə Kevin Medina “Neftçi” ilə oyunda Ağadadaş Salyanskiyə qarşı çox sərt oynamışdı, əsəbiləşmişdim. Miçel ən sevdiyim futbolçulardan idi. Ona nə qədər əsəbləşsəm də, bir başqa bəyənirdim. “Sumqayıt”la matçımız var idi, həmin vaxt ona demişdim ki, vərəqə məsələsinə çox diqqət edin. Formamızdan uzaq idik, itki yolverilməz idi. Həmin görüşdə elə Miçel “qırmızı” aldı və ona çox qəzəbləndim. Bəzən sadə epizodlara görə də əsəbiləşirik.

Şahin Cəfərov

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir