“Qarabağ”la oyunu 3 xal kimi görürəm”

Misli Premyer Liqasının XI turunda səfərdə “Neftçi”yə minimal hesabla (0:1) uduzan “Kəpəz”in baş məşqçisi Azər Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis ilk növbədə Zəfər Günü münasibətilə təbriklərini çatdırdı, ardınca oyun haqqında fikirlərini bölüşdü:

– Hamınızı salamlayıram. İlk növbədə, xalqımızı qarşıdan gələn Zəfər Bayramı münasibətilə təbrik edirəm. Şəhidlərimizə uca Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayıram. Matça gəlincə, əlbəttə ki, çempionatın liderlərindən və əzəli rəqiblərimizdən biri olan “Neftçi”yə qarşı oynadığımızı bilirdik. Bura məğlub olmaq üçün deyil, xal və ya xallar qazanmaq üçün gəlmişdik. Təəssüf ki, uduzduq. Buna baxmayaraq, futbolçularımın bu gün meydanda göstərdiyi əzmkar oyuna görə hər birinə təşəkkür edirəm. Qarşıda milli komandaların oyunları ilə əlaqədar fasilə var. Fürsətdən istifadə edib yığmamıza uğurlar diləyirəm. Düşünürəm ki, bu fasilədən sonra komandamız çempionata daha da rəng qatmağa davam edəcək.

– Domqjoninin yoxluğu nə dərəcədə təsir göstərdi? Matçın gedişində Benitonu sağ xətdə əvəzləməyiniz hansısa narahatlıqla, yoxsa taktiki gedişlə bağlı idi?

– Davidin bu oyun meydanda olmamağı, əlbəttə ki, bizim üçün itki idi. Lakin qeyd etmək istəyirəm ki, onun yerində Urfana şans verdik. Urfanı adətən sağ cinahdan sol stoper mövqeyinə çəkmişdik. Açığını desəm, onun üçün həmin yerdə oynamaq tamamilə yeni deyildi və o, öhdəsindən layiqincə gəldi. Şəxsən mən Urfana bu mövqedə göstərdiyi oyuna görə təşəkkür etməyi düşünürəm. Benitonun əvəzlənməsinə gəlincə, matça 4-2-3-1 sistemi ilə başlamışdıq. Lakin oyunun gedişatında gördük ki, “Neftçi”nin hər iki cinahı çox aktivdir. Buna görə də ikinci hissədə sistemdə dəyişiklik edərək 4-5-1 taktikasına keçdik ki, cinahların qarşısını ala bilək. Bu, tamamilə taktiki əvəzetmə idi.

– Növbəti turda “Qarabağ”la qarşılaşacaqsınız. Belə bir düşüncə var ki, “Qarabağ”ın ehtiyatda bir matçı var. Artıq bu oyunla demək olar ki, “Kəpəz”in də ehtiyatda bir matçı var. Ağdam təmsilçisi bu tur “Kəpəz”in məğlub etdiyi “Turan Tovuz”a uduzdu. Bu amil növbəti matça necə təsir edəcək?

– Əgər səhv etmirəmsə, “Qarabağ” üçün “Kəpəz”lə ehtiyatda olan oyun 3 xal deməkdir. Yox, əksinə, mən də “Qarabağ”la olan oyunu 3 xal kimi görürəm. “Qarabağ”la çox çətin oyunumuz olacaq, lakin biz öz doğma şəhərimizdə, inşallah, azarkeşlərimizin qarşısında çıxış edəcəyik. O qədər yol qət edib bizi Bakıda tək qoymayan azarkeşlərimizə minnətdaram. Futbolda məğlubiyyət də var, amma biz “Qarabağ”la görüşə qələbə üçün çıxacağıq.

– Bu gün milli komandanın heyəti açıqlandı və siyahıda Namik Ələsgərovun da adı var. “Kəpəz” Premyer Liqaya qayıtdıqdan sonra ilk dəfədir ki, klubdan milliyə oyunçu dəvət olunur. Buna münasibətiniz necədir?

– Suala görə çox sağ olun. Düzünü desəm, bilmirəm Namik bu dəvətə nə qədər sevinir, amma əmin olun ki, mən ondan da çox sevinirəm. Çünki Qərb bölgəsindən, Gəncədən uzun illərdir milli komandaya futbolçu dəvət edilmirdi. Namikin dəvət alması onun öz zəhmətinin bəhrəsidir. O, “Zirə” kimi ilk yerlər uğrunda mübarizə aparan klubdan “Kəpəz”ə gəldi. Bu, futbolçu üçün asan addım deyil. Bu dəvət həm Namikin, həm də bütün komanda yoldaşlarının çəkdiyi əziyyətin nəticəsidir. Ona milli komandada uğurlar arzulayıram.

– Bəs sizcə, yaxın gələcəkdə Gəncə futbolçularından kimsə yenidən milli komandaya dəvət ala bilərmi?

– Mən düşünürəm ki, gəncəli futbolçunun milli komandaya çağırılması üçün ilk növbədə akademiyamızda, ümumilikdə isə Qərb zonasında, Gəncə futbolunda köklü dəyişikliklər olmalıdır. Ciddi strategiya və struktur qurulmalıdır. Nə qədər ki, bu, baş verməyib, gəncəli yerli yetirmələrin əsas milli komandada çıxış etməsi bir qədər çətin olacaq.

Ayxan Zayıdzadə

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir