Skandinaviya dərsi

Dünənki matçda “Vikinq”in start heyətinə baxmaq kifayət idi ki, Norveç futbolunun əsas təməlini görəsən. Stavanger təmsilçisinin ilk “11-liy”ində yer alan futbolçulardan 6-sı məhz klubun öz akademiyasının yetirmələri idi. Ümumilikdə, komandanın iştirak ərizəsində 22 yerli futbolçu və cəmi 9 legioner var.

Bu yanaşma təsadüfi deyil. Norveç çempionatında cari mövsüm 279 yerli futbolçu və 135 legioner çıxış edir. Maraqlıdır ki, əcnəbi oyunçuların 55 faizi (74 nəfər) qonşu Skandinaviya ölkələrindəndir. Digər top-klublarda da siyasət eynidir. “Molde”nin heyətində 20 yerli oyunçuya qarşı 9 legioner şans uğrunda mübarizə aparır. “Budo-Qlimt”də isə bu hədd daha sərtdir. Heyətdə cəmi 3 legioner var.

Stavangerdəki uçurumu göstərən simvolik detal isə eyni gün gənclər arasında baş tutan matç oldu. “Sabah U-19” “Vikinq”in həmyaşıdlarına 0:5 hesabı ilə uduzdu. Təbii ki, bir qarşılaşmanın nəticəsi ümumi mənzərəni müəyyən etmir, amma iki klubun akademiyaları arasındakı fərqləri müzakirə etmək üçün diqqətçəkən nümunədir.

Pasportxana

Misli Premyer Liqasında isə vəziyyət tərsinə çevrilib. Azərbaycanda legionerlər, demək olar ki, yerliləri meydandan çıxarıb. Cari mövsümdə ölkə çempionatında cəmi 137 yerli futbolçuya qarşı 168 legioner qeydiyyatdadır.

“Vikinq”lə matçda “Sabah”ın start heyətində Azərbaycan vətəndaşı olan cəmi bir futbolçu, əslən Dağıstandan olan Abdulax Xaybullayev yer almışdı. Oyunun gedişində Xəyal Əliyev və Rəhman Daşdəmirov da meydana daxil oldular. Onlardan başqa, “Sabah”ın heyətində meydana çıxan bütün futbolçular legioner idi. Eyni aqibət digər klublarımızda da hökm sürür. “Qarabağ”da 11, “Neftçi”də 8, “Zirə”də 9, “Turan Tovuz”da isə cəmi 8 yerli oyunçu iştirak ərizəsində yer alır. Onların mütəmadi şans qazanması isə hələ də sual altındadır.

Bunu heç də “avrokubok matçıdır, ona görə legionerlərə üstünlük verilib” deyə əsaslandırmaq olmaz. Çünki daxili çempionatda da mənzərə oxşardır. Yerli futbolçulara daha çox Azərbaycan Kubokunun erkən mərhələlərində şans verilir, çünki əsas oyunçulara “nəfəs” lazımdır. Məsələn, X turda “Kəpəz” – “İmişli” matçında Gəncə təmsilçisi 3, rəqibi isə 6 yerli oyunçuya start heyətdə yer vermişdi. Ondan bir neçə gün əvvəl “Kəpəz”in kubokda “Baku Sportinq”lə matçında start “11-lik”də cəmi 1 legionerə yer verməsi isə yenə sırf məcburiyyətdən qaynaqlanırdı.

Yaxın qonşudansa…

Statistika göstərir ki, Norveç təcrübəsində legioner siyasəti mədəni və coğrafi yaxınlığa əsaslanır. Lakin bizdə vəziyyət pərakəndədir.

Maraqlıdır ki, Azərbaycanda qonşu ölkələrdən legionerlər demək olar ki, mövcud deyil. Cari mövsümdə MPL-də cəmi 4 gürcüstanlı (Volkovi, Papunaşvili, Abuladze, Axvlediani) və 1 türkiyəli (Eren Aydın) çıxış edir. Rusiya vətəndaşlığından imtina etməmiş tək-tük oyunçulardan biri Aleksey Kenyakindir, qalanları isə milliləşdirilib. Bir nəfər iranlı Höccət Haqverdini də bura əlavə etsək, regional inteqrasiyanın az qala sıfıra bərabər olduğunu görərik.

Norveç klubları öz yerli uşaqlarını yetişdirib Avropaya milyonlara satanda, biz legionerlərin əli ilə yerli futbolu dalana sürükləyirik.

Ayxan Zayıdzadə

 

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir