Misli Premyer Liqasının X turunda səfərdə “Qəbələ” ilə qolsuz bərabərə qalan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk növbədə qarşılaşma haqqında fikirlərini bölüşdü:
– Axşamınız xeyir olsun, hər birinizi salamlayıram. Qələbə qazanmaq istədik, amma alınmadı. Çünki qarşımızda çox intizamlı oyun qurmuş, yaxşı müdafiə olunan və sürətli əks-hücumlara çıxa bilən kollektiv var idi. Belə matçlar bir daha göstərir ki, çempionatda asan oyun yoxdur və hər qarşılaşmaya maksimum hazırlaşmalıyıq. Pozitiv düşünərək qarşıdakı görüşlərə köklənməliyik.
– Mateus Silva və Marko Yankoviç arasında baş tutan gərginlik haqqında nə deyə bilərsiniz?
– Ümumiyyətlə, futbol emosional oyundur və belə hallara dünya futbolunda tez-tez rast gəlinir. Amma əslində komanda yoldaşlarıdır, dostdurlar. Bir-birlərini xoşlamadıqlarını demək olmaz, həmişə bir yerdədirlər və münasibətləri müsbətdir. Sadəcə, hələ tam araşdırmamışam, ola bilər ki, oyunun gərginliyindən qaynaqlanan hansısa an olub. Əlbəttə ki, onlar cəzalandırılacaqlar. Ümumiyyətlə, təkcə oyunlarda deyil, bəzən məşqlərdə də belə hallar olur, bunu normal qarşılamaq lazımdır. Ancaq hər bir halda, futbolçular öz emosiyalarını qorumağı bacarmalıdırlar, çünki bu cür insidentlər komandanın nəticəsinə mənfi təsir edir.
– Komanda meydanda sanki motivasiyasız görünürdü…
– Xeyr, motivasiya var. “Sabah” da burada asan qələbə qazana bilməmişdi. Baxmayaraq ki, 4:0 udmuşdular, iki qolu matçın son dəqiqələrində, səhv etmirəmsə, 88-ci və 92-ci dəqiqələrdə vurmuşdular. Yeton Bekirini yaxşı tanıyıram, onun komandasına qarşı əvvəllər də oynamışdıq və həmişə yaxşı təşkilatlanmış kollektiv qurmağı bacarır. Bu gün də bunun şahidi olduq. Onlar getdikcə komanda daha da güclənəcək. Biz də lider olmaq istəyiriksə, topa daha yaxşı nəzarət etməliyik. Çatışmazlıqlarımız var, gizlətmirik, amma hər halda daha yaxşı olmalıyıq. Ümumi çempionatın gedişatına baxsaq, hər turda gözlənilməz nəticə qeydə alına bilər.
– Komandanın son nəticələri və sərgilədiyi oyun sizdə narahatlıq yaradır?
– Bəli, narahatam. Əvvəl də qeyd etdiyim kimi, daha yaxşı oynamalı, topa daha çox sahib olmalı və çoxlu qol epizodları yaratmalıyıq. Bunun üzərində işləyirik. Potensialımız və gücümüz var. Çatışmazlıqlarımızı ilk növbədə məşqçilər korpusu ilə müzakirə edirik, daha sonra isə futbolçulardan tələb edərək bunları qaydasına salacağıq.
– Azarkeşlər arasında uğursuz nəticələrə və oyun keyfiyyətinə görə narazılıq yaranıb. Sosial şəbəkələrdə “Bu, əvvəlki “Qarabağ” deyil” fikirləri səslənir. Onlara haqq verirsinizmi?
– Bu, uğursuz nəticədən deyil, daha çox oyun qıtlığı ilə bağlıdır. Hələ ötən mövsümdən bəri azarkeşlərin bu cür narazılıqları var. Müəyyən mənada bu fikirlərə haqq vermək olar. Futbol daimi dəyişikliklər tələb edən oyundur. Birdən-birə çoxsaylı dəyişikliklərin olması bəzən düşüncələrimizə mane olur. İstəyirik ki, əvvəlkindən də yaxşı olaq. Amma bu gün çempionatda bütün rəqiblər bizə qarşı fərqli motivasiya ilə çıxır və komandalar səviyyəni xeyli qaldırıblar. Ola bilər ki, tam istədiyimiz tipdə oyunçuları əldə edə bilmədik. Bundan əlavə, avrokuboklarda mübarizəni erkən dayandırmağımız bizə psixoloji təsir etdi. Bəzi oyunçuların zədələnməsi isə rotasiya imkanlarımızı daraltdı. Amma bütün bunlar o demək deyil ki, əllərimizi yanımıza salmışıq. Biz daim çalışırıq və inanıram ki, hər şey yaxşı olacaq.
– Azarkeşlər uğursuzluqdan danışmır, sadəcə sevdikləri o əvvəlki “Qarabağ”ı yenidən görmək istəyirlər…
– Qalib gələndə hər şey əla görünür. Bəli, transferlərdə hansısa yanılma halı olmasa da, komandanı dinamik oyun ritminə qaytarmaq üçün sadəcə olaraq vaxt lazımdır. Azarkeşlərimiz ümidsiz olmasınlar, məyus olmasınlar. Bəzən neqativ şərhlər ətrafında süni ajiotaj yaradılır, bu da istər-istəməz komandaya təsir edir. Amma yaxşı kollektivimiz var, inanıram ki, bizi çox gözəl oyunlar gözləyir. Heyətimizi gücləndirmək üçün işlərimizi davam etdiririk.
Ayxan Zayıdzadə
