“Məqsədim komandaya fayda verməkdir” – “Zirə”nin legioneri

“Zirə”nin futbolçusu Dimitri Leqbo Misli Premyer Liqasının IX turunda “Sumqayıt”ı 3:2 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az müsahibəni təqdim edir:

– Oyunu necə şərh edərdiniz?
– Çox çətin matç oldu. Yaxşı rəqibə qarşı oynadıq. “Sumqayıt” çox gözəl performans göstərdi. Buna baxmayaraq, yekunda üçüncü qolu vurduq və lazımi qələbə qazandıq.

– 2:0-dan sonra nə baş verdi ki, oyun tam dəyişdi? Komandada arxayınçılıq yarandı, yoxsa yorğunçuluq öz sözünü dedi?
– Arxayınlıq oldu deməzdim. Sadəcə rəqib psixoloji üstünlüyü ələ keçirdi. Bir sayılmayan qolları da oldu. Hakimlər ofsayt qərarı verdilər. Bütün bunlara baxmayaraq, 2:2-dən sonra oyundan qopmadıq. Çalışacağıq ki, bu səhvləri bir daha təkrarlamayaq.

– “Sumqayıt”dan bu cür inamlı oyun gözləyirdiniz?
– “Sumqayıt”ı təhlil etmişdik və hansı imkanlara malik olduqlarını bilirdik. Son matçlarda da inamlı çıxış edərək yaxşı nəticələr qazanırdılar.

– Premyer Liqaya tam öyrəşə bilmisiniz?
– İlk növbədə onu deyim ki, çempionatın səviyyəsi yüksəkdir. Yaxşı komandalar, güclü futbolçular var. Bura gəlməzdən əvvəl oyun praktikasından kənarda qalmışdım. Bu da müəyyən çətinliklər yaradırdı. İndi özümü yaxşı hiss edirəm və düşünürəm ki, hər oyunda daha da inamlı çıxış edəcəyəm.

– Rəşad Sadıqov sizi fərqli mövqelərdə sınayır. Bu məqam çıxışınıza mənfi təsir göstərmir? Özünüzü müdafiədə daha yaxşı hiss edirsiniz, yoxsa hücumda?
– Uşaq futbolundan sol cinah müdafiəçisi kimi oynamışam. Sonradan həm sağ, həm də sol vinger kimi çıxış etmişəm. “Zirə”də də bir neçə mövqedə oynayıram. Hansı mövqedə çıxış etməyimdən asılı olmayaraq, məqsədim komandaya fayda verməkdir. Baş məşqçi harada desə, orada da oynamağa hazıram.

– Sizi “Zirə”yə gətirən əsas amil nə oldu?
– Burada olmaqdan məmnunam. Gəlməzdən əvvəl idman direktoru ilə söhbətimiz olmuşdu. Onun ideyaları məni cəlb etdi. O mənə bildirdi ki, oynayacaqsan, komandaya kömək etməyə qadirsən.

– Bura gəlməzdən əvvəl söhbət etdiyiniz futbolçular var idi?
– Hazırda “Zirə”də oynayan Bayere Lue həmyerlimdir. Onunla, “Sumqayıt”dan Sedrik Badolo, eləcə də digər bir neçə tanıdığım futbolçu ilə söhbətim olmuşdu. Onların hamısı komanda, ölkə haqda müsbət fikirlər səsləndirdilər. Bütün bunlar da qərarımı qətiləşdirməkdə kömək oldu.

Şahin Cəfərov

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir