Bakı oktyabrın 24-də start götürəcək ilk FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi edəcək.
Miqyası ilə seçilən turnirdə FIFA-nın 211 üzvündən 189 ölkə iştirakını təsdiqləyib.
Seçmə mərhələ tələbinin olmaması sayəsində 78 ölkə tarixində ilk dəfə FIFA-nın DÇ səviyyəli turnirində debüt edəcək. 1000-ə yaxın qarşılaşmanın planlaşdırıldığı yarış 8×8 formatında və 20 dəqiqəlik iki hissə şəklində təşkil olunacaq.
Turnirlə bağlı Azərbaycanın U-19, U-21, U-23 millilərinin, AFFA Məşqçilər Komitəsinin sabiq üzvü Yaşar Vahabzadə ilə danışdıq:
– Bakıda keçiriləcək U-15 dünya çempionatı və futbol festivalı haqqında fikirləriniz nədir?
– Mötəbər turnirin Bakıda keçirilməsi ölkə futbolu adına əlamətdar hadisədir. Komandamız müxtəlif kollektivlərlə oynayacaq, dünya görüşləri, beynəlxalq təcrübələri artacaq. Bu turnir futbolçuların inkişafına böyük fayda verəcək.
– Milli bir müddətdir, hazırlığa başlayıb. Komandadan gözləntiləriniz nədir?
– Komandamız hazırlaşır. Seçimlər oldu və biz də bu prosesdə iştirak etdik. Potensiallı uşaqlarımız var ki, məşqçilər tərəfindən çox bəyənilib. İnanıram ki, komandamız yaxşı nəticə ilə fərqlənə biləcək.
– Turniri izləyəcəksinizmi?
– Bəli, komandamızın yanında olacağıq, onlara dəstək göstərəcəyik. Millinin həm oyun, həm də nəticə ilə bizləri sevindirəcəyinə inanıram.
– Dünya çempionatı və festivalı milliyə hansı faydaları qazandıracaq?
– Aşağı yaş qruplarımız beynəlxalq təcrübə sarıdan əziyyət çəkir. Ona görə belə bir yarışın keçirilməsinin çox böyük faydaları olacaq. İstənilən halda, fərqli ölkələrin futbolunu, mədəniyyətini görəcəyik. Uşaqların onlara qarşı mübarizəsini maraqla gözləyirəm. Bu mundial həm komandamız, həm də futbolumuz adına böyük hadisədir.
Şahin Cəfərov
