Bakıda təşkil olunacaq FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək İngiltərənin U-15 milli komandası heyətini elan edib.
Futbolpress.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının (FA) rəsmi saytı məlumat yayıb.
Baş məşqçi Mett Torp ölkənin aparıcı və Avropa klublarının akademiyalarını təmsil edən 14 futbolçuya şans verib. Heyətdə “Mançester Yunayted”dən Cozef Akinsanya və Brayan Nyoni, “Liverpul”dan Kobi Akerele, “Tottenhem”dən Ayzek Allen, “Vest Hem”dən Emmanuel Famokun, eləcə də Portuqaliyanın “Benfika” klubundan Pirs Pinnok yer alıblar. Komandaya həmçinin “Blekbern”, “Nottingem Forest”, “Şeffild Yunayted”, “Vest Bromviç”, “Derbi Kaunti”, “Plimut” və “İpsviç” yetirmələri cəlb olunublar.
Turnirin C qrupunda mübarizə aparacaq İngiltərə yığması oktyabrın 24-də Nikaraqua ilə qarşılaşacaq. Ertəsi gün Monteneqro və Kamboca, oktyabrın 26-da isə İrlandiya və Zimbabve seçmələri ilə üz-üzə gələcəklər.
Azərbaycanda ilk dəfə keçiriləcək festivalda 189 ölkənin komandası iştirak edəcək. Ümumilikdə 3 mindən çox nümayəndənin qatılacağı yarışın qarşılaşmaları Hövsan Yarış Kompleksində 8×8 formatında və hər biri 20 dəqiqəlik iki hissə şəklində təşkil olunacaq. Final mərhələsi isə oktyabrın 30-da baş tutacaq.
