“İnkişaf istəyiriksə, akademiyalara diqqəti daha da artırmalıyıq”

“Sumqayıt” akademiyasının rəhbəri Adil Şükürovun “Futbolpress.az“a müsahibəsi:

– Akademiyada mövcud durum necədir?
– Qrafiklər üzrə məşq edirik. Bir çox yaş qrupu üzrə çempionat başlayıb. Eyni zamanda, bəzi layihələrin də planlarını qururuq.

– Hansı layihədir?
– Bunu işlər bitəndən sonra bildirəcəyik. Hələ yekunlaşmayıb, yaxın gələcəkdə rəsmən açıqlanacaq.

– Ötən ay “Sabahın Ulduzları” turniri keçirildi. Yarışla bağlı fikirləriniz nədir?
– Maraqlı turnir oldu. Yaxşı olardı ki, xarici ölkələrdən də komandalar qoşulsun. Bu halda, uşaqlar daha çox təcrübə toplayar, beynəlxalq oyunlarda iştirak edərdilər. Buna baxmayaraq, “Sabahın Ulduzları” turnirində də kifayət qədər matçlar oldu. İnanıram ki, bunların faydaları olacaq. Artıq başlayan çempionatlarda uşaqların daha yaxşı durumda olduğunu görürük. Bu, turnirdə keçirilən oyunların nəticəsidir. Uşaqlar liqaya hazırdırlar.

– “Sumqayıt”ın əsas komandasında hazırda bir neçə akademiya üzvü var. Bu, uşaqların motivasiyasına necə təsir edir?
– Çempionatda yetirmələrinə ən çox şans verən klub bizik. Rəhbərlik akademiyaya çox qayğı göstərir, prezidentimiz Riad Rəfiyevə təşəkkür edirəm. Biz də çalışırıq ki, etimadı doğruldaq.

– Təyinatınızdan sonra akademiyada hansı yeniliklərə nail olmusunuz?
– İlk olaraq, Sumqayıtda fərdi hazırlıq keçən keçmiş futbolçularla əlaqəni bərpa etdim. Bunun səbəbi seleksiya işini genişləndirmək idi. Demək olar ki, faydasını gördük. Bu yay bütün yaş qruplarına ümumilikdə 56 yeni futbolçu cəlb etdik. Başqa planlarımız da var və zamanla hamısını həyata keçirəcəyik.

– Uşaq futbolunun problemləri müzakirə olunarkən akademiyaların diqqətdən kənarda qalması da tez-tez gündəmə gəlir. Bu barədə nə düşünürsünüz?
– Bu, qonşu ölkələrdə akademiyaların inkişafına ayrılan vəsaitlər fonunda deyilir. Gürcüstan, Özbəkistan, Qazaxıstanın akademiyalarına baxanda bir çox məsələdə geri qaldığımızı görürük. Amma məsələ böyüdüləcək səviyyədə deyil. Çünki beynəlxalq yarışlarda bu ölkələrin klublarına, yığmalarına qalib gəlirik. Lakin əvvəlki illərlə müqayisə edəndə, bizə yaxınlaşdıqlarını görürük. İnkişaf istəyiriksə, akademiyalara diqqəti daha da artırmalıyıq. Yeni stadionlara, elmi yanaşmalara ehtiyacımız var. İstər məşqçilər, istər oyunçular çoxlu beynəlxalq təcrübə toplamalıdırlar. Digər ölkələr bunları edir deyə, inkişafdadırlar.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir