Kosovanın paytaxtı Priştina şəhərində keçirilən ağırıqqaldırma üzrə Avropa birinciliyinin yekunlarına əsasən, Azərbaycan milli komandasının üzvü Musab Məmmədtağıyev turnirin ən yaxşı kişi atletı adına layiq görülüb.
Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidməti rəsmi məlumat yayıb.
SİNCLAİR əmsal cədvəlinə əsasən aparılan dəyərləndirmədə təmsilçimiz yarışdakı bütün rəqiblərini geridə qoymağı bacarıb. O, ən yaxın izləyicisi olan Ermənistan idmançısı Tiqran Avetisyanı 18 əmsal üstələyərək zirvəyə yüksəlib.
Musab Məmmədtağıyev 70 kq çəki dərəcəsində mübarizə apararaq 3 qızıl medal qazanıb.
Bununla yanaşı, oğlanlardan ibarət milli komandamız da uğurlu çıxışı ilə diqqət çəkib. Qazanılan medalların sayı və keyfiyyətinə görə yığmamız 24 ölkə arasında 5-ci pillədə qərarlaşıb. Azərbaycan idmançıları bu göstəricidə də Ermənistan kollektivini üstələyiblər.
İlk 6 pillədə qərarlaşan ölkələr:
Gürcüstan
Rusiya
Türkiyə
Bolqarıstan
Azərbaycan
Ermənistan
