Bu gün Misli Premyer Liqasında I tur çərçivəsində “Sabah” – “Kəpəz” matçı baş tutacaq. Qarşılaşma saat 20:00-da “Bank Respublika Arena”da start götürəcək.
Veteran futbolçu Vidadi Rzayev “Futbolpress.az”a açıqlamasında Gəncə təmsilçisinin hazırkı vəziyyəti ilə bağlı fikirlərini bölüşdü:
– Düşünürəm ki, “Kəpəz” yenə elitada qalmaq uğrunda mübarizə aparacaq, çünki komandanın imkanları məhduddur. Bəziləri rəhbərliyin ayırdığı vəsaitin kifayət etmədiyini deyir. Azərbaycan reallığı üçün 2.5–3 milyon manat, UEFA ödənişləri ilə birgə 4 milyona yaxın büdcə pis göstərici deyil. Məsələ məbləğdə yox, düzgün idarəçilikdə və doğru seleksiya işindədir. “Kəpəz”ə yeni mövsümdə uğurlar arzulayıram.
– Büdcə azlığı bəhanə gətirilə bilər, yoxsa bu vəsaitlə də nəticə vermək mümkündür?
– “Qarabağ” vaxtilə “Benfika” səddini keçdi, “Atletiko” (Madrid) və “Çelsi” ilə heç-heçə oynadı. Bu klubların maliyyə imkanları arasında yerlə göy qədər fərq var. Büdcəsi azdır deyə “Qarabağ” mübarizədən imtina etməli idi? Əlbəttə ki, xeyr. Ona görə də 3–4 milyon manat Azərbaycan futbolu üçün pis rəqəm deyil. Sadəcə, “Kəpəz” həmin vəsaitlə doğru heyət formalaşdırmalı, pulu boşa xərcləməməlidir.
– Namiq Ələsgərovun komandaya qoşulması “Kəpəz”in hücum xəttini necə dəyişəcək?
– Onun necə təsir bağışlayacağını indidən demək çətindir. Zədə səbəbindən uzun müddətdir oyun praktikasından kənardır. Futbolçunun fiziki formasını bərpa etmək və komandaya faydalı olmasını təmin etmək artıq məşqçilər korpusunun işidir. Namiqin hazırkı vəziyyətinə çempionat matçları başladıqdan sonra qiymət verə bilərik.
Ayxan Zayıdzadə
