Milli komandamız Kosovoya gedir

Avqustun 20–27-sində Kosovonun paytaxtı Priştina şəhərində təşkil olunacaq ağırlıqqaldırma üzrə U-15 Avropa birinciliyində Azərbaycan millisi 11 idmançı ilə təmsil olunacaq.

Futbolpress.az  xəbər verir ki, qitə çempionatında 8 oğlan və 3 qız ağırlıqqaldıranımız medal uğrunda mübarizə aparacaq.

Qadınların yarışında Şəbnəm Həsənzadə, Nuray Əbilova (hər ikisi 49 kq) və Hənifə Məhərrəmli (61 kq) “körpücük” üzərinə çıxacaqlar.

Kişilərin mübarizəsində isə Məhəmməd Rüstəmli (55 kq), İsa Hüseynov (60 kq), Musab Məmmədtağıyev, Kamran Xappayev (hər ikisi 70 kq), Lətif Əliyev, Əbdulhüseyn Hüseynov (hər ikisi 75 kq), Fəxrəddin Allahverdiyev və Elcan Əliyev (hər ikisi 85 kq) güclərini sınayacaqlar.

Milli komanda turnirə baş məşqçi Sərdar Həsənov, böyük məşqçi Asif Məmmədov və məşqçi Əfqan Bayramovun rəhbərliyi altında hazırlaşıb. Məşqçi heyəti ilə yanaşı, Kosovoda keçiriləcək yarışda ölkəmizi iki hakim, Kənan Mustafayev və Səbinə Rzayeva da təmsil edəcək.

Bu gün Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti Firdovsi Umudov turnirə yollanacaq heyətlə görüşüb. Qurum rəsmisi idmançılara uğurlar arzulayaraq onlardan əzmkarlıq və yüksək nəticələr gözlədiyini vurğulayıb. O qeyd edib ki, ölkə rəhbərliyi tərəfindən idmanın, xüsusən də yeniyetmə idmançıların inkişafına böyük diqqət yetirilir. Gənclər və İdman Nazirliyi, həmçinin federasiya tərəfindən hazırlıq prosesində yığma üçün bütün imkanlar səfərbər olunub.

AAF rəsmisi bildirib ki, atletlərin əsas tapşırığı ölkəmizi beynəlxalq arenada ləyaqətlə təmsil etməkdir. Bunun üçün isə komanda daxilində intizam qaydalarına tam riayət olunmalı və Azərbaycan yığması digər iştirakçılara örnək təşkil etməlidir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir