Arif Əsədov: “Növbəti mərhələyə yüksəlmək üçün böyük potensialımız var”

“Qarabağ” dünən Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Dinamo” (Kiyev) klubuna səfərdə məğlub olub (0:1).

Azərbaycan milli komandasının keçmiş baş məşqçisi, idman mütəxəssisi Arif Əsədov bu barədə “Futbolpress.az”ın suallarını cavablandırdı:

— “Dinamo” ilə oyundakı məğlubiyyətin əsas səbəbini nədə görürsünüz?

— Problem təbii ki, rəqiblə bağlı idi. “Dinamo” postsovet məkanının adlı-sanlı, zəngin uğurları olan klubu olsa da, hazırkı heyəti əvvəlki əzəmətində deyil. Onlar “Qarabağ”ın ötən mövsüm avrokuboklardakı uğurlu çıxışından xəbərdar idilər. Elə buna görə də bizdən çəkinirdilər. İlk növbədə, həmlələrimizin qarşısını almağa çalışdılar, müdafiədə çox diqqətli və qapalı oynadılar. Təmsilçimizdə isə hazırda hücum xəttində müəyyən problemlər var. Bəzi futbolçular komandanı tərk edib, yeni gələnlər də hələ Qurban Qurbanovun futbol fəlsəfəsinə tam uyğunlaşmayıblar. Bu səbəbdən ön xətdə istənilən keyfiyyəti almaq mümkün olmadı. Kiyev klubu məhz istədiyini əldə edərək əks-hücumlarda təhlükəli epizodlar yarada bildi.

— Komanda artıq üç matçdır ki, rəqib qapılarına yol tapa bilmir. Bu kəsərsizliyi necə izah edərdiniz?

— Qol epizodlarının nəticəsiz qalması birinci məsələnin davamıdır. Bu gün “Qarabağ”ın heyətində nominal “9 nömrə” yox idi. Vinger kimi tanıdığımız Aleksandr Kaşşuk məcburiyyətdən hücumun mərkəzində oynadı. Savonun zədələnməsi, Musa Qurbanlının isə hələ lazımi performansda olmaması Kaşşukun bu mövqeyə keçməsinə gətirib çıxardı, lakin bu həmlə gözlənilən effekti vermədi.

— Heyətə yeni cəlb olunanlar hələ ki, gözləntiləri doğrultmur. Problem oyunçuların adaptasiyasındadır, yoxsa seleksiya işində xətaya yol verilib?

— Seleksiyada səhv olduğunu düşünmürəm. “Qarabağ” bu sahədə kifayət qədər təcrübəlidir. Mütəmadi olaraq ucuz qiymətə gətirilib, sonradan kluba xeyir verən futbolçular görmüşük. Ona görə də yeni gələnlərin keyfiyyətsiz olduğunu demək olmaz. Sadəcə, “Qarabağ”ın oyun sisteminə və taktikasına tez bir zamanda uyğunlaşmaq asan deyil. Kadi Borges, Abdullah Zubir kimi oyunçular da dərhal yox, müəyyən mərhələdən sonra öz oyunlarını tapmışdılar. Bu futbolçulara da yalnız vaxt lazımdır.

— Bakıda keçiriləcək cavab qarşılaşması öncəsi “Qarabağ”ın şanslarını necə qiymətləndirirsiniz?

— Düşünürəm ki, komandamızın rəqibi üstələyərək növbəti mərhələyə yüksəlmək üçün böyük potensialı var. Evdə, öz azarkeşlərimizin dəstəyi ilə oynayacağıq. “Dinamo”nun heyətində görüşün taleyini təkbaşına həll edə biləcək parlaq liderlər yoxdur, daha çox komanda oyununa üstünlük verirlər. “Qarabağ” artıq rəqibi meydanda tanıdı və analizi daha dəqiq aparacaq.

Ayxan Zayıdzadə

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir