Bölgə klubunda maaş skandalı: futbolçular meydana çıxmadı

II Liqada mübarizə aparan “Şəki” klubu bəyanat yayıb.

Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi çempionatın sonuncu – XXVII turunda “Ağstafa Gəncləri” ilə matçda bəzi futbolçuların oynamaqdan imtina etdiyini bildirib:

“Şəki PFK rəhbərliyi olaraq ictimaiyyətə bildirmək istəyirik ki, komandamızın bir neçə futbolçusu ll liqanın sonuncu turunda keçirməli olan oyunda iştirakdan imtina etmişdir.

Qeyd edək ki, adıçəkilən futbolçular ikinci dövrə ərzində keçirdikləri oyunların və may ayına qədər olan bütün ayların əmək haqlarını almışdırlar. Hazırda isə may ayı çərçivəsində cəmi iki matç keçirilmişdir və hər hansı rəsmi əmək haqqı gecikməsi mövcud olmamışdır.

Buna baxmayaraq, futbolçular tərəfindən “son oyundur, ödəniş edilməyə bilər, əvvəlcədən ödəniş edilsin” kimi əsassız iddialar irəli sürülərək komandanın son matçına çıxmaqdan imtina edilmişdir.

Oyunda iştirak etməyən futbolçular:

• Rəsul İbrahimov
• Zaur Fərzəliyev
• Çərkəz Hüseynov
• Mehdi Həşumov
• Nazim Bağırov

Klub daxilində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, komandanın kapitanı Rəsul İbrahimov futbolçularla əlaqə saxlayaraq onların da matçda iştirak etməməsi üçün çağırışlar etmiş, bir neçə futbolçunun oyuna gəlməsinə əngəl olmuşdur. Bu səbəbdən komanda bu gün XXVII turun Ağstafa Gəncləri ilə matça 9 nəfər oyunçu ilə çıxmışdır.

Şəki PFK rəhbərliyi baş verənləri peşəkar futbol prinsiplərinə və klub daxili intizam qaydalarına zidd davranış kimi qiymətləndirir və buna uyğun hüquqi addımlar atılacağı baradə öncədən futbolçulara xəbardarlıq edilib”.

Matç “Ağstafa Gəncləri”nin qələbəsiylə başa çatıb – 3:1. “Şəki” mövsümü 30 xalla 7-ci pillədə bitirib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir