Azərbaycan milli komandası “FIFA Series 2026” beynəlxalq turniri çərçivəsində Sent Lüsiya seçməsini 6:1 hesabı ilə məğlub edib.
Futbolpress.az xəbər verir ki, millinin hücumçusu Musa Qurbanlı matçdan sonra jurnalistlərə açıqlamasında oyunu dəyərləndirib:
“Uzun müddət idi ki, qələbə qazana bilmirdik. Bu baxımdan nəticə bizim üçün çox önəmli idi və buna görə sevincliyik. Milli komandada çıxış edərkən rəqibin kim olmasından və oyunun hansı status daşımasından asılı olmayaraq, əsas məqsəd hər zaman qalib gəlməkdir. Sevindirici haldır ki, bu dəfə böyükhesablı qələbə əldə etdik. Bu uğur qarşıdakı rəsmi oyunlar öncəsi bizə əlavə motivasiya və özünəinam qazandırdı”.
Forvard oyunda daha çox qol vurmaq istədiyini qeyd edib:
“Düzdür, qol vurmağı bacardım, amma düşünürəm ki, daha yaxşı ola, çox qol vura bilərdim. Əsas məsələ komandaya xeyir verməkdir”.
Musa növbəti rəqib – Syerra Leone yığması haqda fikirlərini bölüşüb:
“Syerra Leone yığması ilə qarşılaşmaya da eyni məqsədlə, qələbə üçün çıxacağıq. Əsas diqqətimizi hazırlıq prosesinə yönəldəcəyik ki, növbəti toplanışa qədər optimal formaya çata bilək. Hücumda nə qədər məhsuldar olsaq, bu, komandamızın xeyrinə olacaq və nəticələrimizə müsbət təsir göstərəcək”.
Şahin Cəfərov
