Dünən “Neftçi” “Zirə” ilə qolsuz heç-heçə oynadı. 17 turdan sonra 21 xalı olan “ağ-qaralar” bununla ən yaxşı halda 7-ci yerdəki mövqeyini qoruyacaq. “Şamaxı” qələbə qazansa, 8-ci pilləyə yuvarlana bilər. Yəni yeni “sükançı” Yuri Vernidubun kollektivi üçün vəziyyət bu qədər ağırdır…
Ukraynalı mütəxəssis oyunsonrası mətbuat konfransında maraqlı bir fraza işlədib: “Bu heyət “Krivbass”dakından daha yaxşıdır. Amma orda da fərqli müsbətlər var idi. Onlar da ancaq qələbə arzulayırdılar və yekunda bürünc medal qazandılar. İnanıram ki, bizim futbolçular da belə arzulu olacaqlar”.
Son illərin qarmaqarışıq “Neftçi”si məhz bu cümlələrlə ifadə oluna bilər.
Yaxşı heyət – var, büdcə – ikinci ən böyük. Bəs uğur bir yana, yaxşı nəticə niyə yoxdur?
Vernidubun dediyi kimi, arzu, istək!… Qəribədir, “Neftçi” yay və qış toplanışlarında keçirdiyi yoxlama oyunlarında gümrah, aqressiv, dinamik görünsə də, Premyer Liqada əksi olur. Elə bil, istəksiz, nizamsız, “dişsiz”dir.
Bunu böyük ehtimalla, Vernidub sezib, lakin səbəb və çarəni tapmaq əsas məsələ olacaq.
Çünki son illər bir neçə məşqçi dəyişsə də, heç biri “Neftçi”nin mərəzini dəyişə bilməyib, vəziyyətə çarə tapmayıb.
Görünür, bu məqam əvvəlki baş məşqçilərdən çox Vernidubun diqqətini çəkib. Sanki problemin hədəfi müəyyənləşdirilib, qalır əsas məsələ – səbəbləri dəqiqləşdirmək və uyğun addımlar atmaq…
Kamil Əhməd
