Katastrofa!

Yunanıstanın köklü “Aris” klubunu mübarizədən kənarlaşdıran “Araz Naxçıvan” böyük rəğbət görmüşdü. Çünki Elmar Baxşıyevin kollektivi evdə və səfərdə mübariz və keyfiyyətli futbol oynamışdı.

Konfrans Liqasının III mərhələsində püşkün “Omoniya”nı rəqib çıxarması xoş xəbər deyildi. Əvvəl, “Qarabağ, “Qəbələ”, “Neftçi” ilə də qarşılaşmış Kipr təmsilçisi nəticələri ilə necə güclü rəqib olduğunu isbatlamışdı. Bundan başqa, son illər Kiprin klub futbolu sürətli yüksəlişdədir.

Lakin bütün bu amillərə baxmayaraq, “Araz Naxçıvan”ın səfərdə 0:5, evdə isə 0:4 hesabı ilə məğlub olmağında heç bir məntiqli əsas yox idi. İki oyuna 9 cavabsız qol bu mərəhələnin ən pis nəticəsi idi. Heç bir cütlükdə 4 qoldan artıq fərq yaranmadığını da xatırladaq…

Bu elə yunanca ifadə olunsa – katastrofadır!

Hələ “Aris” səfərində güclü eyforiyanın yarandığını nəzərə alıb “Araz Naxçıvan”ın heç bir fundamental klub əsasının olmadığını, sırf Elmar Baxşıyev amilindən ibarət bir komanda olduqlarını, Baxşıyevqarışıq aşırı tərifə tuş gətirilməli bir yönünün olmadığını qeyd etmişdik. Amma çi fayda, az qala futboldan bixəbər qeyri-rəsmi prezident Zaur Axundovun öyülməsi başlamışdı…

Ciddi klub/komanda 9 cavabsız qol “yemir”. “Bu futboldur” deyilməli situasiya da deyil ki, bəraət qondarıla.

Harasından baxılsa, rüsvayçı iki oyun və…

Heç nə.

Yeri-yurdu naməlum, akademiyası naməlum klubumuz avrokuboka vəsiqə qazanır. İki bir-birindən kəskin nəticə ilə tərəddüd sözünü boynuna biçib, üstümüzə qayıdır. Harasından baxsan, Azərbaycan futbolunun real mənzərəsini/mövcud mahiyyətini büruzə verən anlaşılmaz, anormal vəziyyət…

Nə deyəsən…

Belə klubun ölkə futboluna nə xidməti, nə qatqısı ola bilər?!

Kamil Əhməd

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir