“Qarabağ” rəsmisi: “Millimizin nəticələri reallığa uyğundur”

Bakı FIFA U-15 dünya çempionatı və futbol festivalına ev sahibliyi etdi.

“Qarabağ” klubunun akademiyasının meneceri Nail Kərimli ilə turnirlə bağlı danışdıq:

– Bakıda keçirilən dünya çempionatını izlədinizmi? Təəssüratlarınız necədir?
– Dünya çempionatı U-19 komandamızın oyunları ilə eyni vaxta düşdü. Bütün fikrimiz orda oldu, buna görə çempionatı yaxından izləyə bilmədik. Çox istərdim ki, buraya gələn milli komandaları görüm, fərqlərimizi müqayisə edim. Böyük imkanı əldən verdim. Amma akademiyamızın məşqçiləri daim orada oldular, müəyyən təcrübə qazandılar.

– Azərbaycan yığması 189 komanda arasında 84-cü oldu. Nəticəni necə dəyərləndirirsiniz?
– Millimizin nəticələri reallığa uyğundur. Doğrusu, bu, gözlənilən idi. Aşağı yaş qruplarında vəziyyət məlumdur. Durumun ürəkaçan olması üçün nəticədən əvvəl işlər düzəldilməlidir. Məsələ milli komanda yox, aşağı yaş qruplarıdır. Uşaq futbolunda kompleks işlər görülməlidir. Bu mövzuda da çox danışılıb.

– İndiki məqamda belə turnirin keçirilməsi ölkə futboluna hansı faydaları verəcək?
– Miqyas böyük idi. Futbolun bir çox tanınmış simaları buraya gəldi. İki aya komanda qurulması, təşkilatçılıq, infrastruktur yaradılması böyük zəhmət tələb edir. Həmişə AFFA-nı, özümü tənqid edirəm. Özüm də tənqidə açığam, amma müsbət məqamları da qeyd etmək lazımdır. Mən Avropa Klublar Assosiasiyasının uşaq futbolu ilə bağlı işçi qrupunun üzvüyəm. Orada müzakirə edilən məsələlərdən biri U-15 milli komandalarının ləğvi idi. Bu səbəbdən bir çox ölkə çempionata qatılmadı.

Turnir burada iştirak edən hər kəs üçün böyük təcrübə oldu. Millinin hazırlıq prosesinin necə keçdiyini bilirəm. Yeni texniki direktor Edmond Klaus seçimləri özü etdi. Məncə, qısa zamanda mümkün olan hər şeyin ən yaxşısını bacardılar.

– U-15 yaş qrupunda 11×11 deyil, 8×8 formatın seçilməsi sizcə, nə ilə bağlı idi?
– 8×8 formatı yenidir, konkret fikir bildirmək istəmirəm. Bu yaş kateqoriyasında olan dəyişikliklər çətin qəbul edilir. Amma baxılmalıdır. Məncə, bu, yeni formatın bir sınağı idi. Futbolun tələbləri, şərtləri dəyişir. Məsələn, ABŞ-də futbola baxanlar artıq narazılıq edir, daha çox əyləncə, intensivlik, çox qol görmək istəyirlər. Basketbol orada çox inkişaf edib və insanlar bu idman növündən zövq alırlar. Futbolda isə 90 dəqiqə ərzində cəmi bir qol vurulması tamaşaçılara maraqsız gəlir. Ona görə düşünürəm ki, futbola yenilik gətirmək istəyirlər və  bu məqsədlə yeni formatları sınaqdan keçirirlər.

Şahin Cəfərov

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir