Qurbanov: “Bu, Azərbaycan futbolunun gələcəyi üçün çox önəmlidir”

Bakı FIFA U-15 dünya çempionatı və futbol festivalına ev sahibliyi edir. Turnir üçün Azərbaycana gələn “Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger futbol məşqçiləri və klubların nümayəndələri üçün master-klass keçdi. “Ustad dərsi”ndə iştirak edən milli komandanın direktoru İlqar Qurbanovla danışdıq.

– Vengerlə master-klass necə keçdi?
– Belə təcrübəni qazanmaq həqiqətən, çox yaxşı oldu. Onun biliklərini bölüşməsi bizim kimi insanlara çox vacibdir. Neçə ildir futboldadır. Onun “ustad dərsləri” çox vacibdir.

– Bakının ev sahibliyi etdiyi FIFA U-15 dünya çempionatı ilə bağlı fikirləriniz nədir?
– Gözəl turnir təşkil olunur. 20 meydança salınıb və bu, Azərbaycan futbolunun gələcəyi üçün çox önəmlidir. Bakının mötəbər yarışa ev sahibliyi etməsi önəmli hadisə və böyük təcrübədir.

– Azərbaycan yığması qrupda üçüncü yeri tutdu. Nəticəni necə dəyərləndirirsiniz?
– Dünya çempionatında yaxşı komandalar var. Hər yığma müəyyən gücə sahibdir. Bizim komandamız da pis nəticə əldə etməyib. Düşünürəm ki, buradakı oyunlar onların kateqoriyalarına müsbət təsirini göstərəcək.

– Belə turnirin Azərbaycanda keçirilməsi ölkə futboluna nə qazandıracaq?
– Turnirin Bakıda keçirilməsi, yeni meydançaların tikilməsi, futbolçuların beynəlxalq oyun təcrübəsi qazanması futbolumuzun inkişafına böyük töhfə verəcək. İnanıram ki, bu turnirin müsbət mənada təsirlərini gələcəkdə görəcəyik. Qısa zamanda infrastruktur qurulub və görülən işlər alqışalayiqdir.

– Aşağı yaş qrupları üzrə milli komandalarda vəziyyət necədir? Durum ürəkaçandır?
– Aşağı yaş qrupları haqqında çox danışılıb, indi bunun üstündə dayanmaq istəmirəm. Gündəm U-15 dünya çempionatı və futbol festivalıdır. Turnir üçün müəyyən infrastruktur yaradılıb, gözəl şərait qurulub. Bu meydançaların inşası gənc futbolçuların inkişafı üçün təkan olacaq. Düşünürəm ki, klubların akademiyaları da turnirdən sonra bundan yararlanacaq.

– Misli Premyer Liqasında 9 turdan sonra “üçlük”də gərgin mübarizə var. Çempionat haqqında fikirləriniz necədir?
– Premyer Liqa maraqlı keçir. Çempionluğa oynayan komandaların sayı artır, rəqabət daha da güclənir. Bir neçə matçı izlədim və sürətli oyun gördüm. “Sabah”, “Neftçi” və “Qarabağ” artıq başqa səviyyədə futbol nümayiş etdirir. Çempionatımız da irəliləyir. Gəncədə stadionun açılması da futbolumuzun inkişafına əlavə təkan verəcək. Orada möhtəşəm atmosfer yaranır və bu, komandaların oyununa da təsir edir. Stadionlar artdıqca, klublar gücləndikcə Azərbaycan futbolu da irəli gedəcək.

Şahin Cəfərov

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir