Tacikistan üzərində qazanılan minimal qələbədən (1:0) sonra Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk növbədə qarşılaşma haqqında fikirlərini bölüşdü:
– Bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm. Ağır oyun olacağını öncədən proqnozlaşdırmışdıq, çünki meydana qarışıq heyətlə çıxmışdıq. Komandanın ruh yüksəkliyi və motivasiyası üçün bu qələbə hava və su kimi lazım idi. İlk hissədə tempi istədiyimiz kimi qaldıra bilməsək də, fasilədən sonra etdiyimiz əvəzləmələr öz sözünü dedi. Xüsusilə 20-25 dəqiqəlik hissədə nümayiş etdirdiyimiz yüksək temp tam olaraq görmək istədiyimiz oyun üslubu idi. Bizi qarşıda ağır Litva səfəri gözləyir və belə təzyiqə dözmək vacibdir. Zədə və ya yorğunluq səbəbindən bəzi aparıcı oyunçularımıza istirahət vermişdik. İnanıram ki, onlar da tezliklə sıraya dönəcək və səfərdən uğurlu nəticə ilə qayıdacağıq.
– Abdullax Xaybullayev və zədələnən digər futbolçuların səhhəti nə yerdədir? Edqar Adilxanovu növbəti matçlarda görə biləcəyik?
– Tək Xaybullayevdə yox, Mahir Emrelidə də xırda zədə var idi. Lakin Abdullaxın durumu ciddi deyil. Sadəcə son vaxtlar oyun praktikası az olan futbolçularda 90 dəqiqəlik gərginlik özünü göstərir. Edqara və digər gənclərə gəlincə, bu gün qələbə qazanmaqla yanaşı, yeni adlar da qazandıq. Fərid Yusifli milli komandada debüt etdi. Haradansa başlamaq, gənclərə güvənib yol açmaq lazımdır.
– AFFA-nın baş katibi Cahangir Fərəcullayevlə matçdan sonra söhbət edirdiniz. Sirr deyilsə, nəyi müzakirə edirdiniz?
– Baş katib hər zaman yanımızdadır, dəstəyini əsirgəmir və matçdan sonra da uğurlar arzuladı. Başa düşmək lazımdır ki, cəmi iki məşq və qarışıq heyətlə ideal futbol oynamaq mümkün deyil, zamana ehtiyacımız var. Qarşıda daha üç günümüz var, gənc futbolçular da komandaya adaptasiya olunurlar. Bu heyətin böyük potensialı var.
– Litva ilə oyundan öncə xüsusilə hansı komponentlərdən inkişaf etməliyik?
– Suallar doğuran bəzi mövqelər var idi ki, orada çıxış edən futbolçuların durumunu görmək istəyirdik. Bu qarşılaşma həmin suallara aydınlıq gətirdi. Litva tamam fərqli oyun üslubuna malik komandadır. Onlara qarşı tam başqa planla hazırlaşacağıq və taktiki gedişlərimizdə dəyişikliklər olacaq.
– Rəhim Sadıxovun hücumun mərkəzində yer alması rəqib qapıçı Oleq Baklovu yaxşı tanıması ilə bağlı idi?
– Xeyr, bu, tamamilə taktiki seçim idi. Pressinq zamanı iki hücumçu ilə təzyiq göstərirdik. Top bizdə olanda isə Rəhimdən daha çox “10 nömrə” zonasında və ya rəqib müdafiəsini yarmaq üçün “gizli hücumçu” kimi istifadə etməyi planlaşdırmışdıq.
– Litva səfərindən 1 xalla qayıtmaq bizim üçün qənaətbəxş nəticə sayıla bilər?
– Qrupda cəmi üç komanda mübarizə aparır. Bu formatda hər bir xal, hətta vurulan və buraxılan hər qol böyük əhəmiyyət kəsb edir. Əsas hədəfimiz qrupda birinci yeri tutmaqdır. Fikrimiz yalnız nəticəyə oynamaq və xal toplamaq üzərində qurulub.
Ayxan Zayıdzadə
