Rəşad Sadıqov: “Zirə”ni ən yaxşı tanıyan məşqçiyə qarşı oynayırdıq”

Misli Premyer Liqasının I turunun “Zirə” – “Şəfa” oyunundan (0:2) sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında iştirak edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı düşüncələrini bölüşdü:

– Gözlədiyimiz kimi gərgin mübarizə şəraitində keçən bir oyun oldu. Bütün həftə boyu futbolçularımıza bildirirdik ki, bizi çətin sınaq gözləyir. Rəqibin hazırlığından və apardığı seleksiyadan əzmkar komanda ilə qarşılaşacağımızı bilirdik. Avrokubokdakı uğursuzluqdan sonra toparlanmaq, yaxşı oyunla qələbə qazanmaq bizim üçün vacib idi. Digər tərəfdən, “Zirə”ni ən yaxşı tanıyan məşqçiyə (Zaur Həşimov – red.) qarşı oynayırdıq. 7 il klubumuzda fəaliyyət göstərdiyi üçün bizi çox yaxşı analiz etmişdi və oyun zamanı bunu hiss edirdik. “Şəfa”ya növbəti matçlarda uğurlar arzulayıram. Futbolçularıma da təşəkkür edirəm ki, məyusedici nəticədən sonra düzgün reaksiya verib çempionata qələbə ilə başladılar.

Sadıqov ardınca jurnalistlərin suallarını cavablandırdı:

– Avrokubokda “Payde” ilə matçlarda yaşanan problemlər bu gün də hiss olundu. Problem tam həll olunub, yoxsa bu görünüş rəqiblə bağlı idi? 

– “Zirə”də 7-ci mövsümümə başlamışam, hələ bu qədər yaxşı oynayıb məğlub olduğumuz matç xatırlamıram. Hər iki oyunda epizodlardan istifadə etsəydik, böyükhesablı qələbələr qazana bilərdik.

— Hər halda, 2 qol vurdunuz. Bu, rəqibin oyunundan irəli gəldi, yoxsa komanda artıq düzəlir?

“Payde”yə qarşı hər 5–7 dəqiqədən bir qol imkanı yaradırdıq, amma “Şəfa” ilə oyunda rəqibin sıx müdafiəsi səbəbindən həmin rahatlığı tapmaq daha çətin idi. Müdafiədə də diqqətli idik, çünki belə matçlarda rəqibin əks-hücumları hər zaman təhlükə yaradır. Bu dəfə daha kəsərli oynadıq və istədiyimizi aldıq.

– Emosional olduğunuz görünürdü. Hakimlikdən narazı qaldınız?

– Xeyr, emosional reaksiya verməyimiz hakimlikdən narazı olduğumuz mənasına gəlmir. Hakimin nəticəyə təsir edəcək hər hansı ciddi xətası olmadı. Texniki zonada oyunun həyəcanı ilə bəzən 4-cü hakimə və ya baş hakimə reaksiya veririk, bu da futbolun təbii tərkib hissəsidir. Köklü şəkildə nəticəni dəyişən xətalar yox idi.

– İssa Cibrila bu gün də qələbədə pay sahibi oldu. Onun fiziki vəziyyəti və zədələrə meyilliliyi ilə bağlı durum necədir?

– İssa hücum xəttində əsas aparıcı fiqurlarımızdandır. Keçən mövsüm əzələ zədələrinə görə çox oyun buraxmalı oldu. Mövsümün əvvəlində bu məsələni özü ilə də müzakirə etmişik. Artıq istirahətinə və bərpa prosesinə daha çox fikir verir, çünki çox enerjili oynayır və yüksək tempə görə zədələnmə riski artır. Bu mövsüm həmin mövqedə Qismət Alıyev, Amin Seydiyev və İssa arasında rotasiyalar edəcəyik.

– Debüt edən Eren Aydının çıxışını və vurduğu qolu necə dəyərləndirirsiniz?

– Erenin həftəiçi boynundan mikrozədəsi var idi və oyun zamanı da onu narahat edirdi. Bütün bunlara baxmayaraq, çox əzmkar mübarizə apardı və vacib qola imza atdı. Eren də komandamızın əsas dayaqlarından biridir və inanıram ki, çıxışını daha da yaxşılaşdıracaq.

– Azərbaycan çempionatında vaxtın uzadılmaması ilə bağlı tətbiq edilən yeni FİFA qaydaları oyunun tempinə necə təsir edir?

– Mükəmməl qaydalardır. Hamı vaxtın süni şəkildə uzadılmasından şikayətlənirdi. Məsələn, İssa əvəzlənəndə kənardan onun tez çıxması üçün qışqırdım ki, qaydalara görə komandamız 1 dəqiqə azlıqda qalmasın. Yeganə məqam odur ki, qanaxma və ya ciddi xəsarət zamanı həkimlərin meydana girməsi qaydasına yenidən baxıla bilər. Ümumilikdə isə bu yeniliklər futbolun sürətinə çox müsbət təsir edir.

Ayxan Zayıdzadə

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir