Təxminən bir ay öncə “Qəbələ” futbol klubu akademiyasının fəaliyyətini məhdudlaşdırdığını açıqladı. Əsas səbəb maliyyə problemləri göstərildi və klubun artıq Qəbələdən oyunçuları akademiyada saxlayacağını bildirdi.
Qərar qarışıq atmosfer yaratdı və futbol ictimaiyyəti iki hissəyə bölündü – qərarı normal qarşılayanlar və mənfi fikirdə olanlar. Uzun illər akademiyasının fəaliyyəti ilə öyünən, Premyer Liqadan tutmuş milli komandalara qədər oyunçu göndərən “Qəbələ”nin bu qərarı bir qədər də gözlənilməz olmuşdu.
Klubun əsas komandasında bu mövsüm elitada mübarizə aparacaq və dövlət tərəfindən ayrılan 3 milyon manatlıq dotasiyanın azalması (təxminən 2,5 milyon manat) qərarda həlledici detallardan idi.
Yeni mövsümdə çempionatda legioner limitinin tətbiq edilməməsi bir “qucaq dolusu” əcnəbinin Azərbaycana axınına səbəb olub. Düzdür, əvvəlki illərdə də klublar legioner transferləri ilə gündəmə gəlirdi, lakin bu dəfə işlər fərqli məcrada davam edir. Maliyyə problemləri yaşayan klubların üstünlüyü legionerlərə verməsi birmənalı qarşılanmır.
“Qəbələ”nin adını öncədən çəkməyimiz də əbəs deyil. Məhz “qırmızı-qaralar” bu məsələdə daha çox diqqətdə olanlardandır. Kaxaber Sxadadzenin rəhbərliyi ilə ötən mövsüm I Liqada çempionluq yaşayan “qırmızı-qaralar” yay transfer dönəmində heyətini ancaq legionerlərlə gücləndirib. Son olaraq Xorvatiyanın ortabab klublarından olan “Varazdin”dən Xayme Syerranı heyətinə qatan klub daha 5 əcnəbi ilə müqavilə imzalayıb.
“Qəbələ” ilə yanaşı, debütant “İmişli” də legioner oyunçu keçidlərinə üstünlük verir. “Qəbələ” qismən də olsa Avropa karyerası olan, ortabab klublarda çıxış edənlərdisə, “İmişli”də vəziyyət fərqlidir. Bölgə klubunun legioner transferləri haqda heç dünya mətbuatında kifayət qədər məlumat tapmaq çətin məsələdir. Oynamağa stadion tapa bilməyən, zar-zor son onda Şamaxıda oynayacağına qərar verilən bölgə klubunun hansı səviyyədə olduqları məlum olmayan əcnəbilərə “pul tökməsi” də birmənalı deyil.
Legioner limitinin ləğvi fonunda bu hallar gözlənilən idi. Lakin əcnəbilərin səviyyəsi, onların komandalara faydası mövsüm ərzində bilinəcək. Özünə klub tapa bilməyən, menecerlər vasitəsilə N sayda yolu Azərbaycana düşən, bəzən 6 ay, bəzən maksimum 1 il burda qala bilən legionerlər olub. Ümid edək ki, bu mövsüm klublar “transfer bazarı”ndan aldanmasın…
Şahin Cəfərov
