“Qəbələ” Misli Premyer Liqasının XXXII turunda “Karvan-Yevlax”a qalib gəlib – 2:1.
Hər iki hissədə daha aktiv oynayan “qırmızı-qaralar” fasilədən sonra geri düşsə də, tez reaksiya verdi. 10 dəqiqəyə vurduğu qollarla qələbə qazanan “Qəbələ” xallarını 24-ə çatdırdı.
Görüşün hər iki komanda üçün əhəmiyyəti yox idi. “Qəbələ”nin pley-off oynayacağı, “Karvan-Yevlax”ın isə liqanı tərk edəcəyi dəqiqdir.
Maraqlıdır, Kaxaber Sxadadzenin yetirmələri bu mövsüm Yevlax komandasına qarşı keçirdiyi əvvəlki iki oyunda heç-heçə etmişdi. Xüsusilə, ikinci dövrədə Qəbələdə baş tutan matçda “qırmızı-qaralar” qələbə qazansaydı, bəlkə də, indi pley-off hazırlığında deyildilər. Mühüm görüşlərdə itirilən xallar komandanın 11-ci pillədə qalmasına səbəb oldu.
Qarşıda pley-off matçı var və rəqib ya “Səbail”, ya da “Mingəçevir” olacaq. “Qəbələ” keyfiyyətinə və təcrübəsinə görə iki kollektivdən də üstündür. Pley-off bir matçdan ibarət olacaq və “Qəbələ” bu mövsüm çempionat oyunlarındakı kimi yenə qol epizodlarını sonlandıra bilməzsə, işi çətinləşəcək.
Şahin Cəfərov
