
“Real”ın çalışdırıcısı Alvaro Arbeloa komandasının keçmiş baş məşqçisi Zinəddin Zidanın klubdakı məşqçilik uğurları barədə fikirlərini bölüşüb.
İspan mütəxəssis karyerasının başlanğıcına görə fransalı çalışdırıcı ilə tez-tez müqayisə olunur. 10 il əvvəl Zidan “Kastilya”dan əsas komandaya yüksəlmiş və Rafael Benitesin istefasından sonra “Real”ın “sükan”ı ona tapşırılmışdı. Həmin vaxt Zidanın baş məşqçi kimi ciddi təcrübəsi yox idi, buna baxmayaraq, “Real”la əldə etdiyi nailiyyətlər futbol tarixinə qızıl hərflərlə yazılıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Arbeloa, “Monako”ya qarşı Çempionlar Liqasındakı debüt oyununda 6:1 hesablı qələbədən sonra bu mövzuya toxunub:
“Zidanın “Real”la Çempionlar Liqasında etdikləri qeyri-adidir. Bunu heç kim təkrarlaya bilməz”.
Madrid klubu 2016–2018-ci illər arasında Zidanın rəhbərliyi altında Çempionlar Liqasını üç dəfə ardıcıl qazanaraq, misilsiz uğura imza atmışdı.
