
Fransa Milli Assambleyasının üzvü Toma Portes ABŞ-ın siyasəti fonunda 2026-cı il futbol üzrə dünya çempionatının boykot edilməsinə çağırış edib.
Daha əvvəl Kamerun, Seneqal və Qana milli komandalarının sabiq baş məşqçisi Klod le Rua da Donald Trampın dövründə Afrika təşkilatlarının maliyyələşdirilməsində edilən dəyişikliklərə etiraz olaraq mundialın boykot olunmasını təklif etmişdi.
Komanda.az xəbər verir ki, fransalı siyasətçi sosial şəbəkədəki paylaşımında Le Ruanın mövqeyini dəstəklədiyini bildirib:
“Klod le Rua haqlıdır. Donald Trampın faşist davranışlarını – dövlət başçısının oğurlanmasını, digər ölkələrə müdaxilə təhdidlərini, soyqırımın dəstəklənməsini və futbol üzrə dünya çempionatında iştirak hüququ olan azı 13 ölkəyə viza qadağasını nəzərə alaraq, turnir ABŞ ərazisində keçiriləcəksə, dünya çempionatının kütləvi şəkildə boykot edilməsi vacibdir. FİFA tələb etməlidir ki, ABŞ-da heç bir oyun keçirilməsin”.
DÇ-2026 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək.
