İddia: Tramp DÇ-2026 zamanı yadplanetlilərlə əlaqəni rəsmən elan edəcək

UFO (naməlum uçan obyekt) mövzusunda filmlərin müəllifi, böyük britaniyalı Mark Kristofer Li sensasion açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp 2026-cı il futbol üzrə dünya çempionatı zamanı rəsmi şəkildə bəşəriyyətin yadplanetli sivilizasiya ilə əlaqədə olduğunu bəyan edəcək.

Rejissor iddia edib ki, Donald Tramp administrasiyasına yaxın mənbələr ona çıxış mətninin artıq hazırlandığını bildiriblər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Li bunun nə təlim həyəcanı, nə də spekulyasiya olduğunu vurğulayıb:

“Bu, realdır. Tarix təsadüfi seçilməyib. 8 iyul 1947-ci ildə dünya ilk dəfə Nyu-Meksikoda “ələ keçirilmiş uçan boşqab” barədə məlumat aldı. Bu tarix inkar dövrünün sona çatdığını açıq şəkildə göstərir”.

Onun sözlərinə görə, uzun illər əvvəl səhrada baş vermiş qəza ilə bağlı həqiqət nəhayət, ölkənin ən ali səviyyəsində etiraf olunacaq:

“Bu, bəşəriyyət tarixində ən vacib bəyanat olacaq. Prezident Tramp dünyanın çoxumuzun illərdir bildiyi həqiqəti açıqlamağa hazırlaşır – biz kainatda tək deyilik. ABŞ hökuməti isə bunu ən azı 1947-ci ildən bilir”.

Li bildirib ki, yadplanetlilərlə ilkin təmas protokolları artıq ən yüksək səviyyədə müzakirə olunur. Onun fikrincə, 2026-cı ilin seçilməsi də məqsədyönlüdür:

“Bu yay keçiriləcək futbol üzrə dünya çempionatı bütün dünyanın diqqətini Şimali Amerikaya yönəldəcək və milyardlarla insan bu mesajı eşidəcək. Rozuelldəki həqiqət tərəfdarları, UFO-ya inananlar və skeptiklər tarixə düşə biləcək “demişdim axı” anına hazırlaşırlar”.

Mark Kristofer Li “Tanrı UFO-lara qarşı”, “Beşinci dərəcəli UFO kontaktları”, “UFO kralı”, “Yadplanetli mumiyaları” və digər filmlərin müəllifidir.

DÇ-2026 ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir