“Milan”, “Real”, “Yuventus” və bir sıra digər klubların sabiq baş məşqçisi Fabio Kapello VAR sistemini kəskin tənqid edib.
İtaliyalı mütəxəssis hakimlərin bu texnologiyadan istifadəsinin ciddi problemlə müşayiət olunduğunu bildirib. VAR ətrafında mübahisələr getdikcə artır və bu mövzu onu açıq şəkildə əsəbiləşdirir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kapello İngiltərədəki hakimlik üslubunun digər liqalara tətbiq edilməsinin mümkünlüyü ilə bağlı suala da sərt reaksiya verib:
“Xeyr, xeyr. Hakimlər mafiyadır. Onlar VAR-da keçmiş futbolçuların işləməsini istəmirlər. Halbuki keçmiş oyunçular futbol epizodlarını, hərəkətləri, oyunçunun özünü necə qoruduğunu daha yaxşı anlayır.
Bir çox hallarda səhv qərarların verilməsinin əsas səbəbi hakimlərin futbolçu olmamasıdır. Futbolçunun üzünə zərbə dəyir, o yerə yıxılır və hakim fit çalır. Niyə? Tutaq ki, mənim boyum 1.90-dır, qarşımdakı oyunçunun isə 1.75. Əlimi hərəkət etdirəndə onun üz səviyyəsinə düşür – bu halda niyə fit çalınmalıdır? Bu məni dəli edir.
VAR sisteminin təkmilləşdirilməsi üçün konkret təklif də irəli sürmüşəm. VAR otağında ən azı bir keçmiş futbolçu olmalıdır. Bir nəfər kifayətdir. Elə biri ki, hakimə deyə bilsin: “Məncə, bu penalti deyil”.
UEFA ilə birlikdə keçmiş futbolçular və məşqçilərlə 20 penalti epizodunu təhlil etdik, onlardan yalnız 6-sı penalti idi, 14-ü isə yox!”
Kapellonun bu açıqlamaları VAR sisteminin gələcəyi və hakimlik məsələləri ətrafında müzakirələri daha da alovlandırıb.
