Samir Abasovun istefaya göndərilməsindən sonra müvəqqəti “Neftçi”yə rəhbərlik edən Sənan Qurbanov üç oyunda bir xal qazanıb.
Azərbaycan Kubokunda “Zirə“yə uduzan, Premyer Liqada “Turan Tovuz”la heç-heçə edən “ağ-qaralar” dünən də çempionatda növbəti görüşdə “Sabah”a məğlub oldu. Qurbanovun “Neftçi”si bu üç oyunda bir qol vura bilməyib – 0:1, 0:0, 0:3.
Samir Abasovun dönəmində də komanda nəticə verməsə də, azından futbol oynamağa çalışır, hər oyun heç olmazsa, 2-3 qol epizodu yarada bilirdi. Lakin son görüşlər “Neftçi” adına fiaskodan başqa şey deyil.
Vaxtilə ölkə futbolunun flaqmanı sayılan, hər futbolsevərin qəlbində özünə yer quran “Neftçi” indi ancaq tənqid yiyəsidir. Nə oyun var, nə nəticə. İllərdir gah baş məşqçi, gah da heyət dəyişir, amma sonluq... Turnir cədvəlində 8-ci sıraya qədər geriləyən “Neftçi” üçün kubok macərası başa çatıb, avrokuboklar zonası ilə fərq də artır. Komanda üçün mövsüm başlamamış bitib kimi…
İndi Yuri Vernidub gəlir. Son bir neçə ildə adı müxtəlif vaxtlarda “Neftçi” ilə hallanan ukraynalı komandanın növbəti “sükançısı” olacaq. “Ağ-qaralar”ın Vernidubla hansı nəticələrə imza atacağı maraqla gözlənilir. Klubun demək olar, çoxdankı arzusu olan ukraynalının qısa zamanda komandanı toparlayıb-toparlaya bilməyəcəyi də sual altındadır.
Şahin Cəfərov
