
Kamerun futbolunda böyük qalmaqal yaşanır.
Federasiya prezidenti Samuel Eto yenidən təkbaşına qərar verməsi ilə ictimaiyyətin ciddi narazılığına səbəb olub. O, Kamerun millisinə yeni baş məşqçi kimi David Paqunu təyin edib.
Problemin əsas məqamı isə budur ki, “Barselona”nın sabiq hücumçusu Eto bu qərarı heç kimlə məsləhətləşmədən verib. Kamerunda ənənəvi olaraq, belə təyinatlar zamanı ən azı istefaya göndərilən baş məşqçinin – Mark Brisin fikri soruşulur.
Komanda.az “derbyderbyderby.it”-ə istinadən xəbər verir ki, belçikalı çalışdırıcı Etonun etdiyinin yolverilməz olduğunu bildirib:
“Mənə görə, Etonun etdiyi yolverilməzdir. Belə olmamalıdır”.
Qalmaqalın Afrika Millətlər Kuboku ərəfəsində baş verməsi vəziyyəti daha da ağırlaşdırır. Dünya çempionatına vəsiqə qazana bilməyən Kamerun millisi üçün bu turnir xüsusi əhəmiyyət daşıyır və komandada yaranan qeyri-sabitlik ciddi narahatlıq doğurur.
