
UEFA “Game Over Israel” adlı pro-Fələstin təşəbbüsünün nümayəndələri ilə bir sıra görüşlər keçirib. Görüşlərin məqsədi İsrailin beynəlxalq turnirlərdən kənarlaşdırılması üçün mümkün hüquqi şərtlərin müzakirəsi olub.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, dialoq sentyabrın sonunda – İsraillə HƏMAS arasında atəşkəs elan edildikdən sonra başlayıb. Bir neçə milli futbol assosiasiyası UEFA-nı İsrailin turnirlərdə iştirakına dair məsələni səsverməyə çıxarmağa çağırdıqdan sonra proses daha da aktuallaşıb.
“Game Over Israel” təşəbbüsü 17 sentyabrda – BMT-nin İsrailin Qəzzadakı fəaliyyətlərini “genosid aktı” kimi qiymətləndirməsindən dərhal sonra fəaliyyətə başlayıb. Tərəflər görüşlərdə belə bir qadağanın tətbiqinə imkan verə biləcək hüquqi mexanizmləri müzakirə ediblər.
UEFA İsraili öz təşəbbüsü ilə yarışlardan uzaqlaşdırmaq istəmir, çünki bunun digər idman qurumları ilə ciddi ziddiyyətlər yaradacağından ehtiyat edir. Buna baxmayaraq, qurum hazırda İrlandiya və İsveçrədə aparılan məhkəmə proseslərini diqqətlə izləyir. Həmin proseslər UEFA-nı beynəlxalq hüquq çərçivəsində hərəkət etməyə məcbur edə bilər.
Ən mühüm görüşlərdən biri 15 oktyabrda, UEFA-nın qərargahında baş tutub. Həmin həftə Uest-Midlends polisi təhlükəsizlik səbəblərini əsas gətirərək “Makkabi” (Təl-Əviv) azarkeşlərinin “Aston Villa” ilə oyuna səfərinə qadağa qoymuşdu. Məhz bu hadisədən sonra UEFA aktivistlərdən insan haqları üzrə ekspert rəylərini təqdim etməyi istəyib və bu rəylərin qərarvermə prosesində istifadə oluna biləcəyi qeyd olunub.
