Azərbaycan Premyer Liqasının XIII turunun “Şamaxı” – “Sumqayıt” matçında hər iki komandanın baş məşqçisi oyunun son dəqiqələrində qırmızı vərəqə ilə cəzalanıb.
Futbolpress.az-ın məlumatına görə, görüşdən sonra meydan sahiblərinin çalışdırıcısı Ayxan Abbasov və qonaqların baş məşqçisi Saşa İliç mətbuat konfransına qatılmayıb. Buna səbəb Peşəkar Futbol Liqasının qırmızı vərəqə alan mütəxəssisin elə həmin matçdan jurnalistlərlə görüşdə iştirak etməməsi barədə qayda qoymasıdır.
Ötən mövsüm isə məsələ fərqli idi. Baş məşqçilər qırmızı vərəqə alanda cəza növbəti oyundan tətbiq edildiyi üçün mətbuat konfransında iştirak edirdi. PFL bu mövsümdən bu qaydanı dəyişib.
“Sumqayıt” səfərdə “Şamaxı”ya 2:1 hesabıyla qalib gəlib. “Kimyaçılar”ın bərabərlik qolundan sonra baş məşqçi İliç həmkarına qarşı aqressiv jest edib və bundan sonra mübahisə yaranıb.
