“Qarabağ” Azərbaycan futbolunda elə bir vəziyyət yaradıb ki, Çempionlar Liqasının əsas mərhələsində son İtaliya çempionuna məğlubiyyətini qəbul edə bilmirik. İllər əvvəl ola, 0:2 hesablı nəticəyə hardan baxsan, yaxşı deyib, keçilərdi. İndi isə gözlənti azı bir xal idi, alınmadı.
“Napoli” səfərində oyuna daha yaxşı başlayan təmsilçimiz rəqib qapısı qarşısında təhlükələr yaratmaqla italyanlara qorxu salmağı bacardı. Son ötürmələrdə daha dəqiqlik olsa, bəlkə də, hesabı da məhz “Qarabağ” açardı.
İlk hissədə italyanların son çempionu ilə başa-baş oynayan “atlılar” ikinci hissədə buraxılan fərdi səhvlərə görə məğlub oldu. Müdafiəçi Kevin Medinanın oyundan çıxmasından sonra balansı itirən və ani diqqətsizlik göstərən “Qarabağ” futbolçuları öz cərimə meydançasındakı anlaşılmazlıqlar üzündən iki qol buraxdı. Olsun, hələ heç nə bitməyib.
Qarşıda 3 oyun var və bunların 2-si Bakıda, doğma divarlar arasında olacaq. Növbəti rəqib tarixinin ən pis dönəmlərindən birini keçirən “Ayaks”dır. Amsterdamlıların hələ turnirdə qələbəsi yoxdur, Bakıda onları büdrətməklə “24-lük”dəki yeri qorumaq adına böyük addım atılmış olacaq.
“Qarabağ” hazırda 7 xalla 36 komanda arasında 16-cıdır. Azərbaycan klubu 24-cü sıradan 2 xal öndədir və bu turu bugünkü oyunların nəticəsindən asılı olmayaraq, pley-offlara vəsiqə verən yerlərdə bitirəcəyimiz dəqiqdir.
Şahin Cəfərov
