
“Benfika”nın baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasının 5-ci turunda “Ayaks”la keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. Qarşılaşma bu gün saat 21:45-də start götürəcək.
Komanda.az xəbər verir ki, portuqaliyalı çalışdırıcı mətbuat konfransında taktiki suallardan yayınaraq, zarafatla rəqib baş məşqçini də yada salıb:
“Fred Qrim (“Ayaks”ın baş məşqçisi) çox istərdi bilsin ki, biz necə oynayacağıq. Amma mən bunu deməyəcəm”.
O, “Ayaks”a qarşı uğurlu statistikasına da münasibət bildirib. Mourinyo bu rəqiblə keçirdiyi 7 oyunun hamısında qələbə qazanıb. Altısı “Real”ın, biri isə 2017-ci ildə Avropa Liqasının finalında “Mançester Yunayted”in baş məşqçisi kimi:
“Niyə həmişə “Ayaks”a qalib gəldiyimi bilmirəm. Tarix və statistika mənim üçün heç nə demir, çünki onlar oyunlara təsir etmir. Hətta 7 qələbəm olduğunu da bilmirdim.
1963-cü ildə doğulmuşam. Təsəvvür edə bilərsiz ki, “Ayaks” mənim üçün nə deməkdir? Onun tarixi, titulları, yetişdirdiyi oyunçular… “Ayaks” Avropanın nəhənglərindən biri olub və bir çox insanı futbola aşiq edib”.
Həm “Benfika”, həm də “Ayaks”ın hesabında hələ ki, xal yoxdur və komandalar turnir cədvəlinin son pillələrini bölüşür. Portuqaliya təmsilçisi Çempionlar Liqasının ilk turunda evdə “Qarabağ”a məğlub olub – 2:3.
