Ayılma

İslandiya ilə üçüncü duel də uğursuz alındı. Milli komanda DÇ-2026-nın seçmə mərhələsində rəqibi ilə Bakıda baş tutan görüşdə meydanı xalsız tərk etdi. İslandiya yığması ilk hissədə vurduğu qollarla oyunun yekununu müəyyənləşdirdi.

Matçda daha yaxşı başlayan rəqib millini müdafiəyə sıxdı, tələsik top çıxarmalarla onları kənarlaşdırmağa çalışdıq. Bəzən alındı, bəzən yox. 20-ci dəqiqə tamam olmamışdı, ani diqqətsizlik və rəqib cərimə meydançasına edilən ötürmə ilə hesabı açdı.

Qoldan sonra da müdafiədə qaldıq. Top çevirməyə çalışdıq, alınmadı. Hücum etmək istədik, olmadı. Əvəzində islandlar cinahdan edilən asma ilə fərqi artırdı – 2:0.

Belə bunla da oyun əldən getdi. 0:0-da belə epizod yarada bilməyən, əks-hücumlarda tələskənlik göstərən yığma fasilədən sonra bir neçə cəhd etsə də, alınmadı. Bir epizodda Rüfət Abbasov, bir epizodda Anatoli Nuriyev son qərarda yanıldı. Debüt oyununda qol şansı yaxalayan Rüfət ötürmə etmək qərarına gəldi, epizod bitdi. Nuriyev isə boş qapı olmasına baxmayaraq, topu qapıya yox, tribunaya göndərdi.

İslandiya ilə matçlarda iki oyuna yeddi qol buraxmaq ağır nəticədir. Hələ bu skandinavlardır… Qarşıda Mbappeli, Olisli, Barkolalı, Ekitikeli fransızlar var. İlk oyunda Parisdə mübarizə apara bilmişdik, amma bu dəfə Bakıda bunu bacaracağımız, xüsusilə, İslandiyaya qarşı oyundan sonra suallar altındadır.

Fransaya qarşı mübariz oyun, ukraynalılarla başabaş futboldan sonra yuxu görməyə başladıq, yaxşı olacaq, olur, gəlin, İslandiyanı da məğlub edin, ilk üç xalımızı qazanaq, deyirdik… yenə cəhənnəm, ayıldıq.

Şahin Cəfərov

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir