“Valideyn heç bir halda məşqçinin işinə müdaxilə edə bilməz”

“Sumqayıt”ın U-14 komandasının baş məşqçisi Elşad Eyvazovun “Futbolpress.az“a müsahibəsi:

– Çalışdığınız U-14 komandasında durum necədir?
– Vəziyyət yaxşıdır. İşlərimiz davam edir, AFFA-nın təşkil etdiyi yarışlarda yaxşı nəticələrlə seçilirik.

– Yarışların təşkili, reqlament necədir?
– Bakı zonası üzrə oyunlarda iştirak edirik. Komandalar A və B qruplarına bölünüb və hər qrupda 12 komanda var. Oyunlardan sonra isə hər qrupdan 6 komanda respublika üzrə final mərhələsinə. Artıq 6 oyun keçirmişik. Yalnız “Qarabağ”la heç-heçə etmişik, qalan matçlarda qələbə qazanmışıq. Məqsədimiz final mərhələsinə qatılmaqdır.

– Uşaq futbolunda məşqçi olmağın hansı üstünlükləri var?
– 2010-cu ildən akademiyada məşqçi kimi işləyirəm. İnfrastruktur çox dəyişib, şərait çox yaxşıdır. Bütün inventarlarla təmin olunmuşuq. Bunlar da əlavə stimuldur. Eyni zamanda məşqçilərin təcrübələri artır, təhsil alırlar. Uşaq seçimində, məşqlərə yanaşmasında bu da özünü göstərir. Akademiyada xeyli dərəcədə inkişaf var.

– Sumqayıt futbol şəhəridir. Komandalara oyunçu seçimləriniz tək bu şəhərdəndir, ya bölgələrdə də işlər aparılır?
– “Sumqayıt” akademiyası şəhəri əhatə edir. Özəl qruplar, xüsusi məşqlər keçənlər var. Məqsədimiz məşqçilərlə əlaqə qurmaq, uşaqları tapmaq və onların inkişafı üçün çalışmaqdır ki, gələcəkdə onları əsas komandalara, millilərə hazır edə bilək. Bu istiqamətdə işlərimizi qurmuşuq. Milli komandada artıq uşaqlarımız var.

– Uşaq futbolunda problemli məsələlərdən biri valideynlərlə münasibətdir. Akademiyada bu məsələni necə tənzimləyirsiniz?
– Akademiyamızda belə qayda var ki, valideyn əvvəlcə gəlir, qaydalarla tanış olur və rəsmi sənədə qol çəkir. Burda nələr var? Valideyn heç bir halda məşqçinin işinə müdaxilə edə bilməz. Ümumilikdə, valideynin fikri varsa, iclaslarda qeyd edir, fikirlərini bölüşür. İş prinsipimizi düzgün qurmuşuq. Eyni zamanda həm uşaq, həm valideynlə il ərzində iki dəfə görüş keçirilir. Uşağın nəticələri valideynə göstərilir, onun səviyyəsi bildirilir. Valideynlər də tez-tez uşaqların nəticələri ilə maraqlanırlar. Biz də öz növbəmizdə məsləhətlərimizi veririk.

– Akademiyaların durumu ilə bağlı futbol mütəxəssisləri narazılıq edir. “Sumqayıt” akademiyasında  
– Sumqayıt üzrə istedadlı uşaqları seçirik. Onlar məşqlərə cəlb olunur. Bütün yaş qruplarında keçirilən oyunlarda komandalarımız nəticələri ilə fərqlənir. İstedadlı uşaqlarımız var. Seçilən uşaqlar bizim bacarıqlı oyunçulardan ibarət kollektivimizə qoşulurlar. Onlar üçün xüsusi proqramlar keçirilir. Futbolla yanaşı, onlara şahmat oyunu, ingilis dili bilikləri öyrədilir. Seçilən uşaqlar özlərindən bir yaş böyüklərlə də oynayırlar. İstedadlı uşaqlarımız çoxdur.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir