Millinin Fransa sınağı – nəyə ümid etməli?

Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində oktyabrın 10-da səfərdə Fransa ilə qarşılaşacaq.

Tsiklda buna qədər iki oyun keçirən milli 1 xalla 4 komanda arasında sonuncudur. İslandiyaya 0:5 hesabıyla uduzan yığmamız Bakıda Ukrayna ilə heç-heçə edib – 1:1.

Fransa yığması isə keçirdiyi iki oyunu da qalib kimi başa vurub. “Xoruzlar” İslandiyaya 2:1, Ukraynaya isə 2:0 hesabıyla qalib gəlib.

Azərbaycan millisi tarixində iki dəfə Fransa seçməsi ilə qarşılaşıb. Ötən əsrin sonlarında – 1994-cü ildə fransızlarla ilk oyun 0:5 hesabıyla bitib. “Oser faciəsi” kimi tarixə düşən 1995-ci il dueli isə 0:10 hesabıyla başa çatıb.

Əsas yığma iləyanaşı, U-21-in də fransızlarla bütün duelləri uğursuz alınıb. 4 oyunun 3-də 1:2 hesabıyla uduzan milli bir dəfə də 1:2 hesabıyla məğlub olub.

Azərbaycan millisində yenicə baş məşqçi təyinatı gerçəkləşib. Ukrayna ilə oyunda bir matçlıq millinin “sükanı arxasına” keçən və bir xal qazanan Ayxan Abbasov bu posta rəsmi təyinat alıb. İlk sınaqda məhz fransızlara qarşı səfərdə olacaq. Reallıqdır ki, fransızlara qarşı xal şansı demək olar yoxdur. Düzdür, futbol sürprizləri sevir, lakin indiki məqamda onu edəcək potensialdayıqmı, məsələ budur. Hər bir halda, vacib məqam meydanda mübarizə aparmaq, sona qədər döyüşməkdir. “Qarabağ”ın Çempionlar Liqasında “Benfika” səfərindən qələbə ilə dönməsinə, hələ 0:2-dən sonra inanan yox idi, lakin çempion demək olar, mümkünsüzü bacardı. Millinin heyətində “Qarabağ”dan kifayət qədər oyunçu var və bu sürprizlər onlar üçün də motivasiya olmalıdır.

Fransa yığmasının heyətində ciddi itkilər var. “Qızıl top”un son qalibi Osman Dembele, PSJ ilə Çempionlar Liqasını qazanmış Bredli Barkola zədə səbəbindən oynamayacaq. Kapitan Kilian Mbappe də son məşq çıxmayıb və iştirakı sual altındadır. Bunlar az da olsa milliyə üstünlük qazandıracaq amillərdəndir. Hər bir halda, səfər görüşündə maksimum etmək, müdafiədə intizamı pozmamaq və rəqibin sürətli hücumlarına imkan verməmək mütləqdir.

Şahin Cəfərov

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir