“Qəbələ” Premyer Liqada mövsümün ikinci dövrəsinə hazırlığı başa vurub. Kaxaber Sxadadzenin yetirmələri sonuncu yoxlama matçında I Liqada çıxış edən “Baku Sportinq”i darmadağın edib – 7:1.
Dövrə toplanışının nəticələr və oyunçu statistikalarına nəzərən ən yaxşı komandası məhz “Qəbələ”dir. Elitada qalmaq mübarizəsi aparan “qırmızı-qaralar” keçirdiyi üç sınaq matçından da qalib ayrılıb. Sxadadzenin komandası Premyer Liqa təmsilçiləri “Kəpəz”i 3:1, “Araz-Naxçıvan”ı 1:0 hesabıyla məğlub edib.
Komanda adına pozitiv məqamlardan biri də yeni transfer – hücumçu İsmaheel Akinadenin məhsuldarlığıdır. Forvard “Kəpəz” və “Baku Sportinq”lə matçlardan fərqlənməyi bacarıb. Qol hesabını rəsmi oyunlarda olmasa da açan Akinade ikinci dövrədə “qırmızı-qaralar”ın əsas “qol silahı” olacaq. Mövsümün əvvəlində heyətə cəlb edilən İbrahim Sanqarenin ehtiyat qüvvə olacağı gözlənilir.
“Qəbələ” Premyer Liqada 16 turdan sonra 8 xalla 11-ci sıradadır. Ehtiyatda bir görüşü olan bölgə klubu autsayder “Karvan Yevlax”dan iki xal öndədir. “Qəbələ” fasilədən sonra birinci matçını yanvarın 24-də “Şamaxı”ya qarşı keçirəcək.
