
Seneqal Prezidenti Bassiru Diomaye Faye milli komandanın Afrika Millətlər Kubokunda qazandığı qələbə münasibətilə 19 yanvar tarixini (bu günü) rəsmi istirahət günü elan edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin gün işləmək tələb olunmayacaq və buna baxmayaraq, istirahət günü ödənişli olacaq.
Bir gün öncə Seneqal yığması turnirin finalında yarışın ev sahibi olan Mərakeş millisini minimal hesabla – 1:0 məğlub edib. Matçdakı yeganə qolu 94-cü dəqiqədə Papa Qaye vurub.
Final oyunu qalmaqallarla zəngin olub. Əvvəlcə hakim meydan sahiblərinin vurduğu qolu ləğv edib, daha sonra isə Seneqalın qapısına penalti təyin olunub. Bu qərara etiraz olaraq Seneqal futbolçuları meydanı tərk etsələr də, bir müddət sonra oyuna geri dönüblər. Nəticədə, Brahim Dias 11 metrlik cərimə zərbəsini reallaşdıra bilməyib və az sonra Seneqal həlledici qolu vuraraq Afrika çempionu olub.
Bu tarixi uğur ölkədə böyük coşqu ilə qarşılanıb və hökumət səviyyəsində bayram kimi qeyd edilib.
