“Sumqayıt” və “Kəpəz” Azərbaycan Kubokunda 1/4 finala yüksələn sonuncu komandalar olub.
Futbolpress.az-ın məlumatına görə, “kimyaçılar” doğma arenasında “Difai” ilə matçda çətinlik çəkmədən (3:1) qələbə qazanıb. Hər iki hissədə üstün olan, kifayət qədər qol epizodu yaradan “Gənclik şəhəri” təmsilçisi adını növbəti mərhələyə yazdırmağı bacarıb. I Liqada autsayderlər sırasında olan “Difai” əlinə düşən ilk real epizodu qola çevirsə də, daha sonra iki qol buraxdı. I Liqa klubunun səviyyəcə “kimyaçılar”dan çox aşağı olduğu meydanda özünü bariz göstərdi.
Sonuncu günün gərgin qarşılaşması ilə Mərdəkanda baş tutdu. “Araz-Naxçıvan” təxminən, bir aydan sonra ev oyunlarını keçirdiyi “Liv Bona Dea Arena”ya qayıtsa da, dönüşü uğursuz alındı. Premyer Liqada qalmaq mübarizəsi aparan “Kəpəz” oyunda daha istəkli tərəf idi. Hər iki hissədə təhlükəli epizodlar yaratmağı bacaran gəncəlilərə bəzən dirək, bəzən də bəxt mane olurdu. Buna baxmayaraq, oyuna əlavə edilmiş vaxtda əks-hücumdan məharətlə istifadə edən “Kəpəz” adını 1/4 finala yazdırmağı bacardı.
“Araz-Naxçıvan”da isə eniş hiss olunur. Son turlarda Premyer Liqada da xal itkiləri yaşayan naxçıvanlılar qısa müddətdə toparlana bilməzsə, avrokuboklara vəsiqə verən yerlərdən bir az da uzaqlaşa bilər.
Şahin Cəfərov
