
“Santos”un hücumçusu Neymar uzun fasilədən sonra ilk dəfə het-triklə yadda qalıb.
33 yaşlı futbolçu Braziliya A Seriyasının “Juvetude” ilə oyununda komandasının 3:0 hesablı qələbəsinin baş memarı olub. O, 56-cı, 65-ci və 73-cü dəqiqələrdə fərqlənərək matçın əsas qəhrəmanına çevrilib.
Komanda.az “Opta”-ya istinadən xəbər verir ki, bu, Neymarın 2022-ci ilin aprelindən bəri ilk het-trikidir. Həmin vaxt o, hələ PSJ-nin heyətində çıxış edərkən “Klermon”un qapısından üç dəfə top keçirmişdi.
Neymar 2025-ci ilin əvvəlində “Santos”a transfer olunub. O, Braziliya klubuna qayıdışından öncə Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasında çıxış edib.
“Juvetude” üzərində qazanılan qələbə “Santos”un çempionatın son turu öncəsi təhlükə zonasından çıxmasına imkan verib.
