Abbasov: “Milliyə hörmət etməliyik”

Azərbaycan Kubokunun “Şamaxı” – “Baku Sportinq” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Oyunun çətin keçəcəyini bilirdik. I Liqa komandaları ilə matçlar həmişə mübarizəli olur. Birinci hissədə bir az passiv olduq. Gəncləri, az oynayan futbolçuları görmək istəyirdik. Onlar üçün da belə templi oyuna girmək çətindir. İkinci hissədə dəyişikliklər etdik. Rəqib yaxşı müdafiə olunurdu. Son matçlarına baxmışıq. Əsas məqsəd kubokda irəliləməkdir. Ağır qrafikdəyik. “Sumqayıt”la çətin oyunumuz oldu. Bir neçə gün sonra Yevlax səfərinə gedəcəyik. 1/4 final mərhələsi gələn il olacaq. Hazırlaşmaq üçün vaxtımız var.

– Oyunu çox sakit izləyirdiz. Sanki qələbəyə arxayın idiz…

– Xeyr, əmin deyildik. Müdafiəni yarmaq lazım idi. Bizim belə oyunlarımız az olur. Çempionatda yadıma gəlmir hansısa rəqibimiz oyunboyu müdafiə olunsun. Uşaqlara bir az sərbəstlik vermişdik. Bu oyunda hər şey ola bilərdi.

– Rəqibin heyətində diqqətinizi çəkən futbolçu oldu?

– I Liqada U-21 millisində çıxış edən futbolçuları tanıyıram. Hətta bəzilərini milliyə dəvət etmək istəmişdim.

– Yerli futbolçuların daha çox oynaya biləcəkləri klublara keçməsinin doğru olduğunu demişdiz. Dünən Kurban Berdiyev bu məsələ ilə bağlı danışarkən bildirdi ki, Ayxan Abbasovun fikirləri məni narahat etmir. Bu haqda nə deyə bilərsiniz?

– Dünən qərar verdim ki, bu barədə danışmayacam. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Heç kimə deyə bilmərik ki, kimisə oynadın. Amma bir şey var ki, biz azərbaycanlıyıq. Bu gün Premyer Liqada azərbaycanlı məşqçilər var ki, klubda belə millini fikirləşir. Bu, daxildən gəlməlidir. Biz nəyisə deyiriksə, bu, millinin naminədir. Hamımız milliyə hörmət etməliyik.

– Növbəti mərhələdə rəqibinizin “Qarabağ”, yoxsa “Karvan-Yevlax” olmasını istəyərdiz?

– “Karvan-Yevlax”ı istəyərdim.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir