
“Real”ın prezidenti Florentino Peres sabiq yarımmüdafiəçi Toni Kroosun Almaniyanın fəxri ordeni olan “Cəngavər Xaçı” ilə təltif olunma mərasimində çıxış edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Kroosun “Real”ın dünya miqyasında təmsil etdiyi dəyərlərin canlı təcəssümü olduğunu bildirib:
“Bizim üçün o, örnəkdir və klubumuzun bütün dünyada təbliğ etdiyi dəyərlərin rəmzidir. “Real” formasında keçirdiyi 10 mövsümdə zəhmətkeşlik, fədakarlıq, iradə, təvazökarlıq, hörmət və həmrəyliyin mükəmməl nümunəsi oldu. Üstəlik, o, çox vacib bir işə də töhfə verdi, Almaniya və İspaniya arasında əlaqələrin güclənməsinə vəsilə oldu”.
Peres əlavə edib ki, Toni Kroos futbolun ən incə məqamlarını anlayan, bütün zamanların ən böyük oyunçularından biri kimi yadda qalacaq idman centlmenidir:
“Bu gün öz ölkənin etirafını alırsan, bizim sevgimiz və heyranlığımız isə səninlə həmişə qalacaq. “Real”a verdiyin hər şeyə görə təşəkkür edirik”.
O, həmçinin, Kroosun həyat yoldaşı Cessika ilə birgə 10 il əvvəl yaratdığı və ağır xəstə uşaqlara dəstək verən xeyriyyə fondunun fəaliyyətini də xüsusi vurğulayıb.
Kroos 2014-2024-cü illərdə “Real”da çıxış edib.
